Əsas Səhifə > Güney Press > Eyni Bişkek, fərqli Azərbaycan:

Eyni Bişkek, fərqli Azərbaycan:


Bu gün, 16:12

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşdüyü Bişkek illər əvvəl Qarabağ probleminin ən ağır mərhələlərindən birinin diplomatik yaddaşına çevrilmişdi. 1994-cü ilin mayında burada qəbul edilən Bişkek Protokolu silahlı qarşıdurmanın dayandırılmasına və danışıqların davam etdirilməsinə çağırırdı. Həmin sənədin ardınca atəşkəs razılaşması imzalanmışdı. Amma o zaman Ermənistan atəşkəsə əməl etmirdi. Azərbaycan torpaqlarını öz işğalında saxlamağın beynəlxalq statusunu almaq istəyirdi.

1990-lardakı Bişkeklə bugünkü Bişkek arasında 32 il var. O vaxt Azərbaycan müharibədən çıxmış, ərazilərinin böyük hissəsini itirmiş, yüz minlərlə insanı öz doğma yurdlarından didərgin düşmüş ölkə kimi danışıqlar masasında idi. Azərbaycanın qarşısında torpaqlarını geri qaytarmaq kimi nəhəng bir problem dayanırdı. Ermənistan isə hərbi üstünlüyün yaratdığı status-kvonun imkanlarından istifadə edirdi. İşğalçı siyasətlə at oynadırdı. O zaman Azərbaycanın siyasi rəhbərliyi üçün məsələ itirilmiş torpaqların taleyini dəyişmək idi.

Həmin dövrdə mərhum Prezident Heydər Əliyevin apardığı mübarizənin ağırlığını da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. O, hərbi baxımdan son dərəcə ağır nəticələrin yarandığı bir şəraitdə siyasi və diplomatik imkanları qorumağa, Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə müdafiə etməyə çalışırdı. Bişkek Protokolu da o dövrün reallığının sənədlərindən biri idi.

Ondan sonra Minsk Qrupu prosesi gəldi. Mənasız bəyanatlar, kağız üzərində qalan qətnamələr qəbul edildi. Biz dəyişikliyi ancaq vasitəçilərin dəyişməsində görə bilirdik. Azərbaycanın qarşısında duran məsələ işğal olunmuş torpaqlar nə vaxt geri qaytarılacağı idi.

İllər sonra Azərbaycan öz sözünü dedi, 2020-ci il müharibəsi regiondakı hərbi-siyasi reallığı kökündən dəyişdi. 2023-cü ilin sentyabrında isə Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdi.

Beləliklə, illər əvvəl danışıqlar masasında öz torpaqlarının taleyini müzakirə edən Azərbaycan artıq həmin masaya tamamilə başqa reallıqla qayıtdı.

Bu gün Bişkekdə masa eynidir, amma masanın üzərindəki reallıq tamam başqadır. İndi Azərbaycan Qarabağ problemini əvvəlki statusda müzakirə edən tərəf deyil. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, işğaldan azad edilmiş ərazilərdə həyatı yenidən qurmuş tərəfdir.

Tarixin ironiyasına baxın, Bişkekdə atəşkəs haqqında danışılırdı, bu gün isə Bişkekdə sülhün necə qurulacağı barədə müzakirə aparılır. Bugünkü görüşün əsas fərqi də buradadır. Azərbaycan-Ermənistan münasibətlərinin gündəliyi daha Qarabağın statusu ətrafında qurulmur. Əsas məsələ sülhün möhkəmləndirilməsi, regionda yeni əməkdaşlıq imkanlarının yaradılması və iki ölkə arasında münasibətlərin yeni hüquqi-siyasi çərçivəyə keçirilməsidir. Bu reallıqları yaradan lider İlham Əliyevdir.

31 avqust 2026-cı ildə Əliyev-Paşinyan görüşünün keçirildiyi faktının özü də göstərir ki, regionun siyasi xəritəsi əvvəlki xəritə deyil. Görüş Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində baş tutur, amma burada daha böyük bir mənzərə var. Azərbaycan müharibədən sonrakı regional düzənin formalaşmasında söz sahibi olan dövlətdir. Bu fərqi anlamaq üçün 1994-cü ilin Bişkeki ilə 2026-cı ilin Bişkekini yanaşı qoymaq kifayətdir.

Bəli, 1994-cü ildə Azərbaycan işğalın nəticələrini aradan qaldırmaq üçün diplomatik mübarizə aparırdı. 2026-cı ildə Azərbaycan artıq azad etdiyi ərazilərdə yeni həyat qurur. 1994-cü ildə Azərbaycanın əsas tələblərindən biri ərazi bütövlüyünün bərpası idi. Bu gün isə həmin ərazi bütövlüyü artıq Azərbaycanın siyasi və hüquqi reallığının əsas sütunlarından biridir.

Bişkek, Azərbaycan, region dəyişib. Ən əsası isə, masadakı söhbətin məzmunu dəyişib. İndi Azərbaycanın qarşısında keçmişin problemləri dayanmır, qarşıda Zəngəzur dəhlizi və regional kommunikasiyalar, ticarət, enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və yeni təhlükəsizlik arxitekturası kimi daha böyük məsələlər dayanır. Azərbaycan Cənubi Qafqazın gələcəyinə təsir edən əsas aktorlardan biri kimi qəbul edilir. Ona görə bugünkü Bişkek görüşünə yalnız Əliyevlə Paşinyanın növbəti görüşü kimi baxmaq düşüncə kasadlığı olardı. Bu görüşün arxasında 32 illik bir siyasi yol dayanır. Bu yolda məğlubiyyət də, ağır itkilər də, diplomatik mübarizə də olub. İndi bu yolda sülh mərhələsi var.

Tarixi analiz edirsən, görürsən ki, əslində bu gün Bişkekdə iki liderdən çox, iki fərqli dövr üz-üzə oturub. Bir tərəfdə keçmişin Bişкеki, digər tərəfdə bugünkü Bişkeki var.

Birində Azərbaycan torpaqlarının işğalından doğan ağır reallıq, digərində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni reallıq var. Bu gün Bişkekdə sadəcə görüş keçirilmir, tarix öz əvvəlki səhifələrindən birinin qarşısına yeni səhifəsini qoyur. 32 il əvvəl Azərbaycan Bişkekdə sülh üçün masa arxasında idi. Bu gün isə Azərbaycan sülhün hansı şərtlər üzərində qurulacağını müəyyən edən əsas tərəfidir.

Bişkekdən Bişkekə çox şey dəyişib. Ən çox dəyişən isə masadakı Azərbaycandır.

modern.az


Geri qayıt