Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı “üçlü hücum”:
Azərbaycana qarşı “üçlü hücum”:Bu gün, 14:35 |
|
Son günlər Britaniyanın aparıcı media platformalarında Azərbaycanla bağlı bir-birini tamamlayan materialların meydana çıxması diqqətdən yayınmır. Bir tərəfdə AXCP lideri Əli Kərimli haqqında geniş yazı, digər tərəfdə Qarabağda “hüquqları pozulan erməni uşaqları” mövzusu, daha sonra isə Azərbaycandakı “siyasi məhbuslar” barədə geniş material... Ayrı-ayrılıqda götürəndə bunların hər biri jurnalistikanın legitim mövzusu sayıla bilər. Amma eyni ölkə, eyni siyasi kontekst və ittiham xətti üzərindən ardıcıl şəkildə formalaşan bu informasiya axını artıq ciddi suallar doğurur. Məsələ təkcə yazılanlarda deyil, həm də nələrin yazılmamasındadır. Azərbaycanın 30 illik işğal tarixindən, Xocalı faciəsindən, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasından, işğal dövründə Qarabağda yaradılmış separatçı rejimdən, Ermənistanın minaladığı ərazilərdən, 2020-ci il müharibəsinin səbəblərindən danışmadan yalnız “erməni uşaqları”, “siyasi məhbuslar” və “müxalifətin sıxışdırılması” üzərindən Azərbaycan portreti yaratmaq nə dərəcədə obyektiv jurnalistikadır? Əli Kərimli Britaniya mediasının yeni “qəhrəmanına” çevrilir? “The Independent”in Əli Kərimli ilə bağlı materialı artıq Azərbaycanda ciddi müzakirə doğurub. Əlbəttə, müxalifət liderinin fəaliyyəti barədə beynəlxalq media yaza bilər. Buna heç kimin etirazı yoxdur. Amma problem başqa yerdədir. Niyə Azərbaycan haqqında yazılan materiallarda müxalif siyasətçi avtomatik olaraq “demokratiya uğrunda mübariz” obrazına yerləşdirilir, Azərbaycan hakimiyyətinin mövqeyi isə çox vaxt ikinci plana keçir? Nə üçün Azərbaycanın təhlükəsizlik məsələləri, dövlət suverenliyi, regional geosiyasi reallıqları və Qarabağ münaqişəsinin tarixi konteksti eyni həssaslıqla təqdim edilmir? Daha maraqlısı isə odur ki, bu material başqa Britaniya media qurumlarının Azərbaycanla bağlı sonrakı yazıları ilə eyni istiqamətdə görünür. “The Guardian”da Qarabağdakı erməni uşaqlarının taleyi emosional müstəvidə təqdim edilir. Məsələn, qəzetin 2023-cü ildə dərc etdiyi bir materialın başlığı və məzmunu Qarabağdan köçmüş erməni uşaqlarının vəziyyətinə fokuslanır. Bu mövzuların insani tərəfi, şübhəsiz ki, müzakirə edilə bilər. Amma jurnalistika yalnız bir toplumun ağrısını göstərməklə bitmir. Bəs Qarabağdan qovulmuş azərbaycanlı uşaqlar? Onların hekayəsi haradadır? Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşən azərbaycanlı ailələrin uşaqlarının taleyi niyə eyni emosional və beynəlxalq media həssaslığı ilə təqdim olunmur? Niyə Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın dağıdılmış məktəbləri barədə eyni miqyasda materiallar hazırlanmadı? Azərbaycanlı məcburi köçkünlərin 30 illik həyatından bəhs edən reportajlar eyni qlobal auditoriyaya nə üçün çatdırılmadı? Bu suallar cavabsız qaldıqca “obyektivlik” iddiası da sual altında qalır. Ardınca BBC: “siyasi məhbus” gündəliyi İndi isə “BBC Azərbaycanca”dakı “siyasi məhbuslar” mövzusunu yenidən geniş auditoriyaya çıxarır. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, BBC öz hesablamalarını əsasən Azərbaycan hüquq müdafiə qurumlarının hazırladığı siyahılar üzərindən qurur. Bu siyahılarda 328 nəfərin siyasi məhbus kimi təqdim edilməsi böyük rəqəm kimi ön plana çıxarılır. Lakin “siyasi məhbus” ifadəsi hüquqi baxımdan avtomatik və yekun məhkəmə təsnifatı deyil. Bir hüquq müdafiə təşkilatının müəyyən şəxsi siyasi məhbus hesab etməsi həmin şəxsin mütləq siyasi səbəbdən həbs olunduğunu hüquqi baxımdan sübut etmir. Burada hər bir iş ayrıca araşdırılmalıdır. İttiham nədir? Məhkəmənin hansı sübutları var? Müdafiə tərəfi nə deyir? İstintaq materialları nədən ibarətdir? Apellyasiya instansiyalarında hansı qərarlar çıxarılıb? Əgər bunlar tam göstərilmədən yalnız “328 siyasi məhbus” rəqəmi oxucunun qarşısına qoyulursa, onda informasiya faktı təqdim etməkdən çıxıb siyasi nəticə formalaşdırmağa başlayır. Vardanyan ailəsinin fəaliyyəti? Burada daha ciddi bir məsələ ortaya çıxır. Azərbaycan parlamentinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatına istinad edən məlumatlarda Ruben Vardanyanın ailəsinin onun beynəlxalq imicinin formalaşdırılması üçün Edelman PR şirkəti və Perseus Strategies hüquq firması ilə işlədiyi bildirilir. Bundan başqa, Azərbaycan mediasında yayılan araşdırmalarda Vardanyan ailəsinin beynəlxalq kampaniya üçün PR strukturlarından istifadə etdiyi, “Free Armenian Prisoners” kimi platformaların təşviq edildiyi və Qərb mediasında Azərbaycan əleyhinə materialların yayılması istiqamətində fəaliyyət göstərildiyi iddia olunur. Report.az da Edelmanla bağlı bu iddiaları geniş şəkildə təqdim edib. Daha da maraqlısı budur ki, Vardanyanla əlaqələndirilən “Free Armenian Prisoners” platformasının özündə Havas və Edelman üçün əlaqə ünvanlarının göstərilməsi açıq şəkildə görünür. Burada artıq sadə bir sual ortaya çıxır: Əgər beynəlxalq imic yaratmaq üçün peşəkar PR şirkətlərindən istifadə olunursa, bu kampaniyanın hansı hissəsi jurnalistikadır, hansı hissəsi isə kommunikasiya strategiyasıdır? Bu fərqi oxucu bilməlidir. Havas məsələsi də diqqətdən kənarda qala bilməz. Azərbaycan mediasında daha əvvəl Havas şirkəti və onun rəhbərlərindən “Stephane Fouks”un Vardanyan ailəsi ilə əməkdaşlığı barədə də materiallar dərc olunub. “Caliber”in araşdırmasında Havas Parisin Vardanyan ailəsinin sifarişi ilə anti-Azərbaycan kommunikasiya kampaniyasında rol oynadığı iddia edilir. Bəs Samvel Karapetyan? Bu məsələdə Samvel Karapetyanın adının çəkilməsi də təsadüfi deyil. Karapetyan Rusiyada böyük biznes qurmuş erməni əsilli milyarderdir və 2026-cı ildə Ermənistan siyasətində də fəal siyasi fiqura çevrilib. “The Guardian” onu Paşinyana qarşı çıxan əsas pro-Rusiya müxalifət fiqurlarından biri kimi təqdim edir. Azərbaycan mediasında isə Karapetyanın Vardanyanla birlikdə Azərbaycana qarşı beynəlxalq informasiya kampaniyalarının maliyyə tərəfi ilə əlaqələndirildiyi barədə iddialar yayılıb. Xüsusilə Luis Moreno Okampo ətrafında yayılan materiallarda Karapetyan və Vardanyanın mümkün maliyyə mənbələri kimi adları çəkilir. COP29 dərsi niyə unudulur? COP29 ərəfəsində Azərbaycana qarşı beynəlxalq siyasi və informasiya təzyiqləri artmışdı. ABŞ Konqresinin üzvlərinin insan hüquqları ilə bağlı məktubu, Azərbaycana qarşı müxtəlif beynəlxalq çağırışlar və tədbirin siyasiləşdirilməsi cəhdləri Bakının ciddi etirazına səbəb olmuşdu. “Reuters”də həmin dövrdə Prezident İlham Əliyevin COP29 ərəfəsində ABŞ qanunvericilərinin məktubunu sərt şəkildə rədd etdiyini yazmışdı. Azərbaycanın mövqeyi isə belə idi: COP29 iqlim konfransıdır və bu platformadan Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməməlidir. Bəs nəticə nə oldu? COP29 keçirildi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələr Bakıya gəldi. Azərbaycan beynəlxalq gündəmin mərkəzinə çevrildi. Məhz həmin dövrdə Ruben Vardanyan mövzusunun da beynəlxalq media gündəmində xüsusi intensivliklə saxlanılması diqqət çəkdi. Azərbaycan parlamentinin hesabatında Vardanyan ailəsinin PR fəaliyyəti ilə COP29 ərəfəsindəki informasiya kampaniyası arasında əlaqələrə dair iddialar da yer alıb. Bu, araşdırılmalı məsələdir. Amma təəssüf ki, Qərbin böyük media qurumları belə sualları çox vaxt özləri vermir. Niyə Azərbaycan daim “ittiham kürsüsündədir”? Bəs Azərbaycanın təhlükəsizlik maraqları? 30 illik işğal? Xocalı? bir milyon məcburi köçkün? Minalar? Ermənistanın işğal dövründə yaratdığı dağıntılar? 2020-ci ildə Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə hücumlar? Britaniya mediası Azərbaycana sual verirsə, Azərbaycan da Britaniya mediasına sual verir. Və bu sual kifayət qədər sadədir: Sizin Azərbaycan haqqında yazdıqlarınız həqiqətən jurnalistikadır, yoxsa böyük pulların, lobbi şəbəkələrinin və geosiyasi maraqların yaratdığı informasiya dalğasının bir hissəsidir? Bu sualın cavabı artıq Bakının deyil, Londonun verməli olduğu cavabdır... Musavat.com Geri qayıt |