Əsas Səhifə > Güney Press > Türkiyəsiz Avropa, Qafqazsız İttifaq?
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq?Bu gün, 17:51 |
|
Avropa İttifaqının genişlənmə siyasəti fonunda Cənubi Qafqazın gələcəyi ilə bağlı mühüm suallar meydana çıxmaqdadır. Gürcüstan və Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımlar, Türkiyənin isə uzun illərdir üzvlük gözləntisində saxlanılması regiondakı geosiyasi reallıqları yenidən gündəmə gətirir. Xüsusilə Türkiyənin Aİ ilə münasibətlərinin gələcəyi Cənubi Qafqazın Avropaya inteqrasiyası baxımından nə dərəcədə həlledici ola bilər? Türkiyəsiz Cənubi Qafqazın Avropa İttifaqına inteqrasiyası mümkündürmü?Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında bildirib ki, İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi gözlənilir: "Türkiyə, Bosniya və Herseqovina, Serbiya, həmçinin Gürcüstan Avropa İttifaqına üzvlük istiqamətində müxtəlif mərhələlərdə proses aparan ölkələrdir. Təbii ki, Serbiya, Bosniya və Herseqovina və Avropanın digər ölkələrinin bu birliyə daxil olması coğrafi baxımdan daha real görünür. Çünki onların Avropa İttifaqı ilə birbaşa quru əlaqələri mövcuddur. Lakin Cənubi Qafqaz tamamilə fərqli geosiyasi və coğrafi məkandır. Uzun illərdir ki, Türkiyə Avropa İttifaqının qapısında gözlədilir, lakin üzvlüyü təmin olunmur. Gürcüstana namizədlik statusu verilsə də, Ermənistan da Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyə hazırlaşır. Fikir versək görərik ki, nə Gürcüstanın, nə də Ermənistanın Avropa İttifaqı ilə quru sərhədi var. Hər iki ölkə Rusiya və İran kimi regional güclərin təsir dairəsində yerləşir. Xüsusilə Gürcüstan Rusiya ilə həmsərhəddir, Ermənistan isə İranla həmsərhəddir və uzun illər Rusiya ilə siyasi, iqtisadi və təhlükəsizlik baxımından sıx münasibətlərə malik olub. Hazırda Nikol Paşinyan bu təsirdən çıxmağa və Ermənistanın xarici siyasətini Qərbə, xüsusilə də Avropa İttifaqına istiqamətləndirməyə çalışır". Politoloqun sözlərinə əsasən, Azərbaycan müstəqil xarici siyasət yürüdür və hazırda Avropa İttifaqına üzv olmaqla bağlı hər hansı siyasi xətt ortaya qoymayıb: "Hesab edirəm ki, Gürcüstan və Ermənistanın Avropa İttifaqına gələcək üzvlüyü məsələsində Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır. İlk növbədə Türkiyənin Avropa İttifaqına üzv olması Cənubi Qafqazın Avropa İttifaqı ilə birbaşa quru bağlantısını təmin edə bilər. Əgər Türkiyə Avropa İttifaqına üzv olmazsa, Gürcüstan və Ermənistanın bu birliyə tamhüquqlu üzv kimi qəbul edilməsi həm geosiyasi, həm də təhlükəsizlik baxımından daha mürəkkəb proses olacaq. Çünki hər iki ölkənin ətrafında ciddi geosiyasi çağırışlar mövcuddur. Gürcüstan Rusiya ilə birbaşa həmsərhəddir. Ermənistan isə İranla həmsərhəddir və Rusiyanın bu ölkə üzərində uzun illər formalaşmış siyasi və iqtisadi təsiri mövcud olub. Bu səbəbdən həmin ölkələrin Avropa İttifaqına inteqrasiyası yalnız siyasi iradədən deyil, həm də regional təhlükəsizlik arxitekturasından asılıdır. Gürcüstanda isə son dövrlərdə Avropa İttifaqının siyasətindən uzaqlaşma meyillərinin gücləndiyi müşahidə olunur. Hesab edirəm ki, Rusiya Bidzina İvanişvili vasitəsilə Gürcüstanda siyasi proseslərə təsir göstərərək ölkənin demokratik inkişafına mane olur və özünə yaxın siyasi qüvvələrin hakimiyyətdə möhkəmlənməsinə çalışır. Nəticədə Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi ciddi problemlərlə üzləşir. Ermənistanda isə Paşinyan rusiyayönümlü siyasi sistemi zəiflətməyə, ölkənin siyasi sistemini dəyişdirməyə və Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə çalışır. Ermənistanın Avropa İttifaqına üzvlük perspektivinin reallaşması üçün isə yalnız siyasi iradə kifayət etmir. Regional geosiyasi reallıqlar da nəzərə alınmalıdır". Məhəmməd Əsədullazadə onu da söyləyib ki, Avropa İttifaqı Cənubi Qafqazı öz geosiyasi və təhlükəsizlik siyasətinə daha sıx şəkildə daxil etmək istəyirsə, Türkiyənin rolunu nəzərə almalıdır: "Türkiyəsiz Avropa İttifaqının Cənubi Qafqazda uzunmüddətli və effektiv geostrateji siyasət həyata keçirməsi olduqca çətin olacaq. Əgər Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinin gələcəkdə birliyə inteqrasiyasını istəyirsə, Türkiyə ilə münasibətlərə yeni yanaşma formalaşdırmalı və Türkiyənin üzvlüyü məsələsini də strateji baxımdan nəzərdən keçirməlidir. Hesab edirəm ki, Türkiyə olmadan Gürcüstanın, Ermənistanın, eləcə də gələcəkdə Azərbaycanın Avropa İttifaqına üzvlüyü geosiyasi baxımdan olduqca mürəkkəb və çətin proses olacaq". Geri qayıt |