Əsas Səhifə > Güney Press > Təhsil haqqını artıran universitetlər:

Təhsil haqqını artıran universitetlər:


Bu gün, 09:01

2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri artıq məlumdur.

Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. Qəbul nəticələrinin açıqlanmasından sonra ödənişli əsaslarla təhsil alacaq tələbələri və onların valideynlərini düşündürən əsas məsələlərdən biri isə illik təhsil haqqıdır.

Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan qəbul planlarına əsasən, bu il də bir sıra universitetlərdə təhsil haqları artırılıb. Artım universitet və ixtisasdan asılı olaraq 100 manatdan 500 manatadək dəyişir.

Belə ki, Azərbaycan Texniki Universitetində təhsil haqları 100-300 manat, Bakı Mühəndislik Universitetində 100-500 manat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 200-300 manat, Azərbaycan Turizm və Menecment Universitetində 100 manat, Azərbaycan İdman Akademiyasında 500 manat, Sumqayıt Dövlət Universitetində 100 manat, Lənkəran Dövlət Universitetində 200-300 manat, Azərbaycan Kooperasiya Universitetində 100-300 manat, “Azərbaycan” Universitetində 300-500 manat, Bakı Avrasiya Universitetində 200-300 manat, Odlar Yurdu Universitetində 200-500 manat, Bakı Biznes Universitetində 300 manat, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə 100 manat artırılıb.

Hazırda universitetlərdə illik təhsil haqları bəzi proqramlarda 2 min manatdan başlasa da, ayrı-ayrı ixtisaslarda bu məbləğ 5 500 manatadək yüksəlir. Ən yüksək təhsil haqlarından biri Xəzər Universitetində qeydə alınıb.

Universitetdə bəzi ixtisaslar üzrə illik ödəniş 4 500, 5 000 və 5 500 manat təşkil edir. Bu rəqəmlər göstərir ki, ödənişli əsaslarla ali təhsil almaq ailələr üçün yalnız təhsil haqqından ibarət xərc deyil.

Təhsil haqqı ilə yanaşı, tələbənin nəqliyyat, qidalanma, yaşayış, dərs vəsaitləri və digər gündəlik xərcləri də ailə büdcəsindən qarşılanmalıdır. Onsuz da yüksək olan illik təhsil haqlarının daha da artırılması valideynlər üçün əlavə maliyyə yükü yaradır.

Xüsusilə bir neçə il ərzində ödəniləcək ümumi məbləğ nəzərə alındıqda, ali təhsil xərcləri ailə büdcəsi üçün kifayət qədər ciddi rəqəmə çevrilir.

Hazırkı gəlir və xərcləri nəzərə alsaq, bir ailənin övladının illik 4-5 min manat təhsil haqqını ödəməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, ali təhsil seçimi həm də maddi baxımdan ciddi qərardır:

“İllik təhsil haqqı 4-5 min manat arasında dəyişən universiteti seçən abituriyentin digər xərclərini də əlavə etsək, illik yekun xərc 9-10 min manat arasında olur.

Bu isə 4 il ərzində 40 min manat və üzəri məbləğ deməkdir. Təbii ki, şəxs və onun valideyni seçim etməkdə sərbəstdir, yəni heç kəs qadağa qoya bilməz ki, ildə bu qədər məbləğ ödə, təhsil al və ya onu iqtisadi kapitala çevir.

Əgər şəxs həmin ixtisas üzrə mütəxəssis olmayacaqsa və ya təhsil müddətindən sonra bunu kapitala çevirə bilməyəcəksə, həmin məbləği iqtisadi aktivə çevirməyi və digər bilik və bacarıqlarının inkişafına yönəltməsi məqsədəuyğundur.

İllik təhsil haqqı məbləğinin yüksəlməsinə gəldikdə isə hər il xərclər artdıqca buna uyğun olaraq təhsil haqqı məbləği də artır”.

Ekspert qeyd edib ki, bir sıra ölkələrdə olduğu kimi, xərclərin hamısı dövlət hesabına qarşılansaydı, ali təhsil tamamilə pulsuz olardı:

“Hazırkı gəlir və xərcləri nəzərə alaraq bir ailənin övladının illik 4-5 min manat təhsil haqqı ödəməsinə gəldikdə isə demək ki, şəxsin gəliri buna imkan verir ki, illik ödənişi 4-5 min manat olan universiteti seçsin.

Şəxsi təcrübəmədən nümunə göstərərək deyim ki, ali məktəbə sənəd verdiyim il qəbul balı, ixtisas balı çox yüksəlmişdi. İllik ödənişlər isə həmin ilin rəqəmlərinə əsasən bizim üçün çox yüksək məbləğ sayılırdı.

Əslində, valideynlərim çətinliklə də olsa, ödəməyi düşünmüşdülər. O zaman 4 illik təhsil haqqı və yekun xərcləri toplasaq, həmin məbləğə 1 otaqlı ev almaq mümkün idi. Təbii ki, seçim etmədim və növbəti il sənədlərimi verdim.

Ali təhsil, tələbə olmaq, övladını tələbə kimi görmək hər kəsin arzusudur. Lakin iqtisadi imkanlar buna imkan vermirsə və ailənin maliyyə yükü daha da artırsa, şəxs bunu nəzərə almalıdır. Ən azından dövlət universitetlərinin ödənişli ixtisasları özəl universitetlərə nisbətən daha münasibdir”.


Geri qayıt