Əsas Səhifə > Güney Press > Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyiBu gün, 17:58 |
|
2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin məlumatına görə, yeni tədris ilində IV siniflər üçün "Həyat bilgisi", VII siniflər üçün "Azərbaycan dili" ,"Riyaziyyat", "İngilis dili", "Azərbaycan tarixi", VIII siniflər üçün "Coğrafiya", IX siniflər üçün "Biologiya", "Fizika" və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq. Müəllim və valideynlər tərəfindən vaxtaşırı dərsliklərin dilinin mürəkkəb və şagirdlər üçün kifayət qədər anlaşıqlı olmaması ilə bağlı narazılıqlar səsləndirilir. Xüsusilə bəzi mövzuların şagirdlərin yaş səviyyəsinə uyğun olmayan formada izah edilməsi onların materialı mənimsəməsini çətinləşdirir. Dərsliklərin keyfiyyətini artırmaq üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, təhsildə keyfiyyətin artırılması üçün dərsliklərin də daim yenilənməsi və təkmilləşdirilməsi vacibdir: “Dərsliklərin yenilənməsi müsbət addımdır. Amma burada əsas məsələ təkcə məlumatların yenilənməsi deyil, həmin məlumatların şagirdlərə necə çatdırılmasıdır. Dərslik şagirdin yaş xüsusiyyətlərinə, düşünmə səviyyəsinə və qavrama imkanlarına uyğun dildə hazırlanmalıdır. Bu gün bəzi dərsliklərdə elmi baxımdan düzgün, lakin şagird üçün mürəkkəb ifadələrin və ağır izahların olduğunu görürük. Nəticədə müəllim mövzunu əlavə izah etməli olur, valideyn isə evdə həmin materialı uşağa daha sadə formada izah etməyə çalışır. Bu da dərsliyin əsas funksiyasını müəyyən qədər zəiflədir. Dərsliklərin keyfiyyətinin artırılması üçün hazırlanma prosesində yalnız fənn mütəxəssislərinin deyil, praktik müəllimlərin, metodistlərin, uşaq psixoloqlarının və dil mütəxəssislərinin iştirakı olduqca vacibdir”. Ekspert qeyd edib ki, dərsliklər istifadəyə verilməzdən əvvəl məktəblərdə pilot şəkildə tətbiq olunmalı, müəllim və şagirdlərin rəyləri mütləq nəzərə alınmalıdır: “Dərslik nə qədər elmi məzmunlu olsa da, şagird onu oxuyub başa düşmürsə, həmin dərsliyin effektivliyindən danışmaq çətindir. Yenilənmə prosesində məzmunla yanaşı, dilin sadəliyinə, izahların aydınlığına və yaş səviyyəsinə uyğunluğa da xüsusi diqqət yetirilməlidir”. Geri qayıt |