Əsas Səhifə > Güney Press > Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır?

Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır?


Bu gün, 17:19

Rusiya ilə Azərbaycan arasında münasibətlər son aylarda onsuz da kifayət qədər mürəkkəb mərhələdən keçir. Belə bir vaxtda Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında Azərbaycanı hədəf alan təxribat xarakterli plakatların yerləşdirilməsi adi küçə aksiyası kimi qiymətləndirilə bilməz. Xüsusilə də söhbət diplomatik nümayəndəliyin yerləşdiyi ərazidən gedirsə, məsələ artıq iki ölkə arasındakı siyasi münasibətlərdən çıxaraq beynəlxalq hüququn və diplomatik etikanın müstəvisinə keçir.

Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 27-də baş verən hadisəni kəskin şəkildə pisləyib, Rusiyanın aidiyyəti qurumlarını hadisəyə hüquqi qiymət verməyə, hərtərəfli araşdırma aparmağa və belə halların təkrarlanmasının qarşısını almağa çağırıb. Bakı xüsusilə 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyasına istinad edərək Rusiyanın Azərbaycan səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklərini xatırladıb.

Burada vacib məqam var: söhbət yalnız diplomatik binaya fiziki hücumdan getmir. Vyana Konvensiyasının 22-ci maddəsi qəbul edən dövlətin üzərinə diplomatik missiyanın binalarını müdaxilə və zərərdən qorumaq, missiyanın fəaliyyətinə mane ola biləcək halların və onun ləyaqətinə xələl gətirən pozuntuların qarşısını almaq üçün “xüsusi vəzifə” qoyur. Yəni qəbul edən dövlətin məsuliyyəti təkcə səfirliyin qapısına polis qoymaqdan ibarət deyil. Diplomatik missiyanın normal fəaliyyət göstərə bilməsi üçün təhlükəsiz mühit yaradılması beynəlxalq hüquqi öhdəlikdir.

Moskva nə etdiyini özü başa düşür?

Maraqlıdır ki, Rusiya özü analoji məsələlərdə Vyana Konvensiyasını olduqca sərt şəkildə xatırladır. Məsələn, 2021-ci ildə Moskva Kiyevdə Rusiya səfirliyinin yaxınlığında keçirilən aksiyaları “1961-ci il Vyana Konvensiyasının kobud şəkildə pozulması” kimi təqdim etmiş, Ukrayna tərəfini diplomatik missiyanın təhlükəsizliyini təmin etməyə çağırmışdı. Rusiya XİN həmin aksiyalarda səfirliyə girişin bloklanmasını və təhdid xarakterli şüarları xüsusi vurğulamışdı.

2025-ci ildə isə Moldova ilə bağlı oxşar hadisədə Moskva Rusiya səfirliyinin ərazisinin bir neçə saat bloklanmasını beynəlxalq öhdəliklərin pozulması adlandıraraq Kişinyova etiraz etmişdi. Rusiya XİN-in mövqeyinə görə, qəbul edən dövlət diplomatik nümayəndəliyin normal fəaliyyətini təmin etməlidir.

Deməli, prinsipin özü Moskva üçün kifayət qədər aydındır. Problem prinsipdə deyil, onun tətbiqindədir. Rusiya öz diplomatik nümayəndəliyinin qarşısında baş verən aksiyanı beynəlxalq hüquq məsələsi kimi qiymətləndirirsə, eyni standartın Moskvadakı Azərbaycan diplomatik nümayəndəliyinə də tətbiq edilməsi məntiqli və hüquqi baxımdan zəruridir.

Başqa sözlə, diplomatik toxunulmazlıq və təhlükəsizlik “seçmə hüquq” deyil.

Hadisənin başqa bir tərəfi də var. İndi deyirlər ki, guya hadisədən xəbərləri olmayıb... Rusiya ərazisində adi vətəndaşın siyasi mövqeyini açıq şəkildə ifadə etməsinin hansı nəticələrə səbəb ola bildiyinə baxanda Moskvadakı bu aksiyanın “sadəcə vətəndaş təşəbbüsü” kimi təqdim edilməsi də suallar doğurur.

Rusiya son illərdə müharibə əleyhinə mövqeyə, sosial media paylaşımlarına və adi bir “like” qoyanlara qarşı sərt repressiv mexanizmlər formalaşdırıb. “Amnesty International” bildirir ki, Rusiyada insanlar dinc şəkildə müharibəyə etiraz etdiklərinə görə inzibati və cinayət təqiblərinə məruz qalır, sosial media paylaşımları isə uzunmüddətli həbs cəzaları ilə nəticələnə bilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının materiallarında da Rusiyada müharibəyə qarşı çıxan şəxslərin sosial media fəaliyyəti, yazıları və dinc etirazları ilə əlaqədar təqiblərin artdığı qeyd olunur.

Hətta bir nəfərlik piketlərin belə təhlükəsiz fəaliyyət sahəsi olmadığına dair çoxsaylı nümunələr var. “Human Rights Watch” Rusiyada müharibə əleyhinə şüarlarla təkbaşına aksiya edən insanların saxlanıldığını sənədləşdirib. 2024-cü ildə isə təşkilatın məlumatına görə, Rusiyada Ukraynadakı müharibəni tənqid edən şəxslərlə bağlı inzibati işlərin sayı 10 mini keçib.

Belə bir siyasi və hüquqi mühitdə diplomatik nümayəndəliyin qarşısında bir qrup şəxsin açıq şəkildə Azərbaycana qarşı təxribat xarakterli material yerləşdirməsi istər-istəməz başqa sual doğurur: bu aksiya həqiqətən də Rusiya dövlət strukturlarından tam xəbərsiz şəkildə həyata keçirilə bilərdimi? Mən deyərdim ki, xeyr. Görək istintaq nə deyəcək...

Rusiyada adi vətəndaşların ən kiçik siyasi etirazının belə nəzarət altında olduğu bir şəraitdə diplomatik missiyanın qarşısında təşkilatlanmış xarakter daşıyan aksiyanın necə və hansı şəraitdə baş verdiyinin araşdırılması tamamilə legitim tələbdır.

***

Hadisədə diqqət çəkən başqa məqam aksiyanın arxasında dayandığı bildirilən Milli Bolşevik çevrələridir. Azərbaycan mediasında yayılan məlumatlara görə, Eduard Limonovun yaratdığı Milli Bolşevik hərəkatı ilə əlaqəli qrup bu təxribatı öz üzərinə götürüb. Hadisə zamanı Azərbaycan əleyhinə sərt məzmunlu plakatlardan istifadə edildiyi bildirilir.

Milli Bolşevik hərəkatının Rusiya siyasi tarixində ayrıca yeri var. Bu çevrələr sovet nostaljisi, radikal millətçilik və imperiya düşüncəsinin müxtəlif elementlərini bir araya gətirən siyasi xətlə tanınıb. Hərəkatın ayrı-ayrı nümayəndələrinin “Rus marşı” kimi millətçi tədbirlərlə əlaqəsi də Rusiya siyasi tarixində öz əksini tapıb. Məsələn, araşdırmalarda Milli Bolşevik platformasının tərəfdarlarının “Rus marşı” tədbirlərində iştirak etdiyi qeyd olunur.

Burada Moskvanın Ukrayna ilə bağlı ritorikası ilə müəyyən paralel də görünür. Rusiya hakimiyyəti Ukraynada “denasifikasiya” və radikal millətçiliklə mübarizə apardığını iddia edir. Ancaq eyni zamanda Rusiyanın öz daxilində radikal millətçi və imperiyaçı düşüncənin müxtəlif formalarının mövcudluğu sual doğurur.

Əgər “denasifikasiya” Moskvanın xarici siyasətinin əsaslandırılmasında istifadə etdiyi anlayışdırsa, onda ilk növbədə Rusiyanın daxilindəki radikal millətçi ideologiyalarla bağlı ardıcıl siyasətin olub-olmaması da soruşula bilər.

Azərbaycanlılara qarşı təzyiq fonu

Bütün bunları son dövrdə Rusiyada azərbaycanlılarla bağlı baş verən hadisələrdən də ayırmaq mümkün deyil.

2025-ci ilin iyununda Yekaterinburqda Azərbaycan əsilli şəxslərin saxlanılması zamanı iki azərbaycanlının öldürülməsi, bir neçə nəfərin yaralanması Bakı ilə Moskva arasında ciddi diplomatik gərginliyə səbəb olmuşdu. Yada salaq ki, Azərbaycan tərəfi Rusiya hüquq-mühafizə orqanlarının hərəkətlərinə etiraz etmiş və obyektiv araşdırma tələb etmişdi.

2026-cı ilin avqustunda isə Azərbaycan XİN Rusiya informasiya məkanında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqiramiz və təhdidedici ritorikanın güclənməsindən narahatlığını rəsmən bildirib. Rusiya səfiri XİN-ə çağırılıb və bu cür ritorikanın dayandırılması tələb olunub.

Bütün bunların fonunda Moskvada Azərbaycan diplomatik nümayəndəliyinin qarşısında yeni təxribatın baş verməsi təsadüfi hadisə kimi qəbul edilməkdən daha geniş siyasi kontekstdə qiymətləndirilir.

Əsas sual isə budur: Rusiya bu addımlarla nə əldə etmək istəyir?

Əgər məqsəd Azərbaycanı geri çəkilməyə, susmağa və öz milli maraqlarını müdafiə etməkdən imtina etməyə məcbur etməkdirsə, bu, yanlış hesablamadır. Bakı artıq dəfələrlə göstərib ki, təzyiq dili Azərbaycan üçün işlək diplomatik vasitə deyil.

“Üç günə Kiyev”i tutacağıq” şüarından dörd ildən çox keçib..

Rusiya-Ukrayna müharibəsinin artıq dörd ildən çox davam etməsi də Moskvanın xarici siyasətinin nəticələri barədə düşünməyə əsas verir. 2022-ci ildə sürətli hərbi qələbə gözləntiləri ilə başlayan proses uzunmüddətli müharibəyə çevrilib. Rusiya ağır Qərb sanksiyaları altında qalmaqda davam edir və müharibənin siyasi və iqtisadi qiyməti ildən-ilə artır.

Belə bir şəraitdə Moskvanın Azərbaycan kimi qonşu və postsovet dövlətlərlə əlavə qarşıdurma yaratmasının Rusiyaya nə verdiyi sualı açıq qalır.

Əksinə, Azərbaycanla münasibətlərin gərginləşdirilməsi Moskvanın regional mövqelərini gücləndirməkdən daha çox onu əlavə diplomatik problemlərlə üz-üzə qoya bilər.

Üstəlik, Rusiya artıq Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyi ilə bağlı ciddi suallar doğuran hadisələrin tərəfi olub. Ukraynadakı Azərbaycan səfirliyi 2025-ci ildə üç ayrı Rusiya hücumunun təsirinə məruz qalıb.

2025-ci ilin noyabrında Rusiya zərbəsi nəticəsində Kiyevdəki Azərbaycan səfirliyinin ərazisində divar dağılıb, inzibati bina və konsulluq bölməsi də daxil olmaqla diplomatik kompleksə ciddi ziyan dəyib.

Bu faktlar fonunda Moskvanın Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyi məsələsində maksimum həssaslıq nümayiş etdirməsi daha vacibdir.

Postsovet məkanı artıq əvvəlki məkan deyil...

Moskvanın anlamalı olduğu əsas məsələ isə budur: postsovet dövlətləri artıq imperiya və ya sovet idarəçiliyi dövrünün inzibati əraziləri deyil. Azərbaycan da daxil olmaqla bu ölkələr suveren dövlətlərdir və onların xarici siyasətini öz milli maraqları müəyyənləşdirir.

Azərbaycan Rusiya ilə münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipini müdafiə edir. Bu, Rusiyaya qarşı düşmənçilik deyil. Əksinə, normal qonşuluq münasibətlərinin fundamental şərtidir.

Moskva qonşularına münasibətdə bu reallığı qəbul etmədikcə müxtəlif istiqamətlərdə problemlərlə üzləşməsi qaçılmaz olacaq. Çünki XXI əsrdə heç bir dövlət digərinin üzərində siyasi himayədarlıq iddiası ilə davamlı münasibət qura bilməz.

Azərbaycan isə öz siyasətini kənardan verilən göstərişlərlə deyil, milli maraqları əsasında müəyyənləşdirir.

Moskvadakı son təxribatın təşkilatçıları kim olursa-olsun, onların əsas məqsədi Azərbaycanı təzyiq altında saxlamaq və iki ölkə arasında gərginliyi artırmaqdırsa, bunun nəticə verməsi real görünmür. Əksinə, belə addımlar Azərbaycan cəmiyyətində Rusiyanın siyasətinə dair sualları daha da artırır.

İndi məsuliyyət Moskvanın üzərindədir. Rusiya ya Vyana Konvensiyasının tələb etdiyi kimi Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyini təmin edəcək, təxribatı araşdıracaq və məsul şəxslərə hüquqi qiymət verəcək, ya da bu hadisə “nəzarətsiz radikalların aksiyası” adı altında ört-basdır ediləcək.

Birinci yol dövlət məsuliyyətidir. İkinci yol isə diplomatik münasibətlərə daha böyük zərər verə bilər.

Azərbaycanın mövqeyi isə aydındır: heç kim Bakıya diktə dili ilə danışa bilməz. Azərbaycan suveren dövlət kimi öz qərarlarını özü verir və milli maraqlarından geri çəkilmək niyyətində deyil.

Musavat.com


Geri qayıt