Əsas Səhifə > Güney Press > Ölkənin ən böyük ixracatçıları kimdir?

Ölkənin ən böyük ixracatçıları kimdir?


Bu gün, 16:25

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, qeyd olunan dövrdə aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon dollara çatıb.
Qeyd edək ki, qızıl istisna olmaqla, ən çox ixrac olunan məhsul pomidor (172 milyon dollar) olub.
Onu da bildirək ki, bu ilin yanvar-iyul aylarında ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkətin 3-ü yeni yaradılıb. İlin ilk 7 ayında xaricə ən çox məhsul ixrac edən 5-ci şirkət “Prime Export” MMC (VÖEN – 1704051651) olub. Bu şirkət 7 ay ərzində 43,9 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Şirkət ötən ilin avqust ayının 28-də dövlət qeydiyyatına alınıb və 2025-ci ildə xaricə məhsul ixrac etməyib. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Fuad Vilayət oğludur.
“Prime Export” MMC ilə eyni tarixdə – ötən ilin 28 avqust tarixində dövlət qeydiyyatına alınan daha bir şirkət də bu il ən çox qeyri-neft məhsulu ixrac edən şirkətlərin sırasına daxil olub. Nizamnamə kapitalı 10 manat olan “AFA Export” MMC (VÖEN – 8504857451) adlı şirkət bu ilin ilk 7 ayında xaricə 27 milyon dollar dəyərində məhsul göndərib. Qanuni təmsilçisi Novruzəliyev Bəhruz Zirəddin oğlu olan “AFA Export” MMC də ötən il xaricə məhsul ixrac etməyib.
Novruzəliyev Bəhruz Zirəddin oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Vvest Stream” MMC (VÖEN – 2009563081) də ötən ilin dekabr ayının 10-da dövlət qeydiyyatına alınıb. Qeydiyyata alındıqdan qısa müddət sonra ixrac əməliyyatlarına başlayıb və bu ilin ilk 7 ayında 32,3 milyon dollar dəyərində məhsul ixrac edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bir-biri ilə əlaqəli olan bu 3 şirkətin 7 ayda ixrac etdiyi məhsulun ümumi gömrük dəyəri 103,2 milyon dollar olub.

Milyonlara dollarlıq məhsul ixrac edirlər, amma vergiləri vaxtında ödəmirlər
Diqqət çəkən məqamlardan biri də odur ki, adları qeyd olunan bu şirkətlərdən biri – “AFA Export” MMC qeydiyyatdan keçdikdən qısa müddət sonra ölkənin ən böyük ixracatçı şirkəti olsa da, artıq fəaliyyətini dayandırıb. Digər şirkət – “Vvest Stream” MMC-nin isə dövlət büdcəsinə böyük həcmdə – 1 milyon 337 min 321 manat 11 qəpik vergi borcu yaranıb.
Onu da bildirək ki, “AFA Export” MMC ilə eyni gündə yaranan, eyni hüquqi ünvanda (Şəmkir r., Seyfəli) yerləşən və Novruzəliyev Bəhruz Zirəddin oğlunun rəhbərlik etdiyi başqa bir şirkətin – “NB Furuit” MMC-nin (VÖEN – 8504857321) də dövlət büdcəsinə böyük həcmdə – 3 milyon 431 min 581 manat 32 qəpik vergi borcu var. Novruzəliyev Bəhruz Zirəddin oğlunun rəhbərlik etdiyi başqa bir şirkətin – “North-South Stream” MMC-nin də (VÖEN – 1702557991) dövlət büdcəsinə 2 milyon 927 min 595 manat 75 qəpik vergi borcu var.
Bu il ən böyük 10 ixracatçı sırasına daxil olan bu 3 şirkət ixrac əməliyyatlarının əksəriyyətini iyul ayında həyata keçirib. Belə ki, bu ilin ilk yarısında bu şirkətlərdən yalnız “Prime Export” MMC 15,6 milyon dollarlıq ixrac ilə ən böyük 10 ixracatçı siyahısında olub. İlin ilk yarısında ən böyük ixracatçılar arasında “Prime LM” MMC (VÖEN – 1103072871) adlı şirkət də yer alıb. Bu şirkət də ötən il yaranmasına baxmayaraq, bu ilin ilk yarısında 17,1 milyon dollar dəyərində məhsul ixrac edib. Digər şirkətlər kimi, bu şirkətin də dövlət büdcəsinə böyük həcmdə – 2 milyon 199 min 872 manat 91 qəpik vergi borcu var.
Bənzər vəziyyət ötən illərdə də davam edib. Məsələn, ötən il ən böyük ixracatçı şirkətlərdən biri “Uytrop” MMC (VÖEN – 1703896061) olub. Şirkət 2024-cü ilin 25 oktyabr tarixində dövlət qeydiyyatına alınıb və növbəti ildə 29,5 milyon dollar dəyərində məhsul ixrac edib. Hazırda dövlət büdcəsinə 50 min 732 manat 42 qəpik vergi borcu olan bu şirkətin də qanuni təmsilçisi Əliyev Fuad Vilayət oğludur. Hüquqi ünvanı da “Prime Export” MMC ilə eyni ünvanda yerləşir.

Yarandıqdan qısa müddət sonra ən böyük ixracatçıya çevrilən şirkətlərlə bağlı acı təcrübə var
Xatırladaq ki, 2024-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xarici ölkələrə müxtəlif növ kənd təsərrüfatı məhsulları ixrac edən onlarla sahibkarlıq subyekti haqqında cinayət işi açılıb. Məlumatlardan belə görünür ki, ixrac etdikləri məhsullara görə əldə olunan pul vəsaitlərini ölkəyə geri qaytarmadıqları üçün onlarla hüquqi şəxsin rəhbəri və fərdi sahibkar haqqında həbs qərarı verilib.
Bu şirkətlərin böyük əksəriyyəti dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra qeyri-neft sektorunda ölkənin ən böyük ixracatçı şirkətlərinə çevriliblər və növbəti illərdə adları ümumiyyətlə ixracatçı şirkətlərin siyahısında olmayıb.
Məsələn, “Local Garden” MMC 19 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət 2021-ci ilin ilk 9 ayı ərzində 93 milyon manatlıq ixrac ilə qeyri-neft sektorunda ölkənin ən böyük 3-cü ixracatçı şirkətinə çevrilib.
Yaxud, 30 oktyabr 2018-ci ildə iki şirkət – “Nine Climate” MMC və “Global Export Fruits” MMC dövlət qeydiyyatına alınıb. Şirkətlər həm eyni hüquqi ünvanda qeydiyyatdadır, həm də qanuni təmsilçiləri eyni şəxs olub. Bu şirkətlər də elə növbəti il – 2019-cu ildə 136 milyon manatlıq ixrac ilə qeyri-neft sektorunda ölkənin ən böyük 4-cü və 5-ci ixracatçı şirkətləri olublar.
Başqa bir şirkət – “Land Logistic” MMC 4 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Qeydiyyata alındıqdan sonrakı 3 ay ərzində 19 milyon manat, növbəti – 2020-ci ildə isə 153 milyon manatlıq məhsul ixrac edərək qeyri-neft sektorunda ölkənin ən böyük özəl ixracatçı şirkəti olub.


Geri qayıt