Əsas Səhifə > Güney Press > Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər:

Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər:


Bu gün, 16:18

Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın fəaliyyətləri müddətində dövlət əmlakını mənimsəməkdə ittiham olunmaları ilə bağlı proses Azərbaycanda da diqqətlə izlənilir.

Lakin bu şəxslərin sadəcə Ermənistan dövlətinə deyil, Azərbaycan xalqı və dövlətinə qarşı da cinayətlərdə əlləri var.

Bəs onlar haqqında Azərbaycan dövləti hansısa hüquqi prosedurlar hazırlayıb? Bu iki sabiqin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, işğal faktına görə cinayət işi açılıbmı?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Köçəryan və Sərkisyan, eləcə də onların rəhbərlik etdiyi qruplaşmalarla bağlı Azərbaycan dövləti Birinci Qarabağ müharibəsi dövründən etibarən törədilmiş cinayətlərlə bağlı, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi müddətində Baş Prokurorluq tərəfindən cinayət işləri açıb:

“2024-2025-ci illərdə aparılan istintaq və daha sonra keçirilən məhkəmə prosesləri zamanı onların rəhbərliyi altında Azərbaycana qarşı müxtəlif cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının şahidi olduq. Bu çərçivədə 15 şəxslə bağlı məhkəmə araşdırmaları aparıldı. Hesab edirəm ki, Köçəryan və Sərkisyanla bağlı kifayət qədər dəlil, sübut mövcuddur. Onlarla barəsində cinayət işləri açılıb və müvafiq sübutlar toplanıb. Hazırda əsas məsələ həmin şəxslərin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsidir. Onların Ermənistan vətəndaşı olması və Ermənistan Konstitusiyasının 55-ci maddəsinə əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, şəxslərin başqa dövlətə verilə bilməməsi ilə bağlı yanaşma onların vəziyyətinə birbaşa şamil olunmamalıdır. Çünki bu şəxslər Azərbaycan ərazisində, o cümlədən Xankəndidə doğulublar və Azərbaycan vətəndaşı olublar. Onların Ermənistan vətəndaşlığını hansı hüquqi əsaslarla əldə etməsi ayrıca araşdırılmalıdır. Əgər Ermənistan vətəndaşlığının qanuni əsaslarla əldə edilmədiyi müəyyənləşərsə, onların Azərbaycana təhvil verilməsi üçün hüquqi əsasların mövcud olduğu qənaətinə gəlmək mümkündür”.

Hüquqşünas bildirib ki, Köçəryanın 1998-ci ildə, Sərkisyanın isə 2008-ci ildə Ermənistan prezidenti seçilməsi ilə bağlı da konstitusion tələblər baxımından müəyyən suallar mövcuddur:

“Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkə Konstitusiyasındakı bəzi boşluq və ziddiyyətlərdən danışır. Bu baxımdan Köçəryan və Sərkisyanın hüquqi statusu, eləcə də Ermənistan vətəndaşlığını əldə etmələrinin qanuniliyi ölkənin öz qanunvericiliyi çərçivəsində araşdırılmalıdır.

Azərbaycan dövləti onların məsuliyyətə cəlb olunması istiqamətində zəruri hüquqi addımları atıb. Növbəti mərhələ isə həmin şəxslərin Azərbaycana təhvil verilməsi, məhkəmə qarşısına çıxarılması, törətdikləri cinayətlərin sübuta yetirilməsi və qanunvericiliyə uyğun olaraq cəzalandırılmasıdır. Azərbaycan tərəfi bununla bağlı istənilən vaxt müvafiq hüquqi prosedurları həyata keçirə bilər”.


Geri qayıt