|

Ali Məhkəmədə quldurluqda və qanunsuz narkotik vasitə saxlamada təqsirləndirilən İsa Nəsirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
İttihama görə, İsa Nəsirov istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 0,751 qram təmiz çəkidə heroin əldə edib və üzərində saxlayaraq daşıyıb. O, 2024-cü ildə saat 16:55 radələrində Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
İsa Nəsirov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına aparılıb. Videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə maddə aşkar edilib.
Ekspertizanın nəticəsinə əsasən, təmiz çəkisi 0,751 qram olan həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə – heroin olduğu müəyyən edilib.
Bundan başqa, İsa Nəsirov digər bir epizod üzrə narkotik cinayətindən əvvəl quldurluq edib.
Belə ki, o, silah qismində istifadə etdiyi əşyanı tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib.
İttihamda qeyd olunur ki, İsa Nəsirov zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) məxsus mənzilə daxil olmaq üçün blokun qarşısında yerləşən qaldırıcı qurğunun üzərinə çıxıb və açıq vəziyyətdə olan mətbəx pəncərəsindən mənzilə qanunsuz daxil olub. Daha sonra yataq otağında yerləşən paltar asılan dolabın üzərindəki qutudan müxtəlif qızıl-zinət və bəzək əşyalarını götürüb.
Beləliklə, təqsirləndirilən şəxs ümumi dəyəri 1 311 manat olan qızıl-zinət və bəzək əşyalarını gizli şəkildə ələ keçirib.
Hadisə zamanı D.D. İsa Nəsirovun qanunsuz hərəkətlərini dayandırmasını tələb edib. Bundan sonra təqsirləndirilən şəxs üzərində olan və istintaqla müəyyən edilməyən bıçağı zərərçəkmiş şəxsin istiqamətində tutub. O, həmin bıçaqla D.D.-ni öldürəcəyi ilə hədələyib. Bununla da zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan basqın törədib.
Nəticədə İsa Nəsirov 1 311 manat dəyərində qızıl-zinət və bəzək əşyalarını ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsa Nəsirov 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmlə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Geri qayıt
|