Əsas Səhifə > Güney Press > Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir?
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir?Bu gün, 12:28 |
|
Ermənistanda sabiq prezident Robert Köçəryanın təqibi fonunda Nikol Paşinyan hakimiyyətinin Moskva ilə münasibətləri yenidən ciddi suallar doğurur. Müxalifətyönümlü “Novaya qazeta”nın Andreas Qukasyanla müsahibəsində səsləndirilən iddialar isə İrəvanın Rusiya siyasəti ilə bağlı tamamilə fərqli mənzərə ortaya qoyur. Qərbyönümlü siyasətçi hesab edir ki, Paşinyanın Rusiyadan uzaqlaşması və Avropaya inteqrasiya siyasəti barədə verdiyi mesajlarla onun real addımları arasında ciddi ziddiyyətlər mövcuddur. Daha sərt iddiaya görə isə Köçəryanın və digər keçmiş hakimiyyət nümayəndələrinin təqibi təkcə korrupsiya ilə mübarizə məsələsi deyil, həm də Moskvanın maraqlarına uyğun qurulan siyasi ssenarinin tərkib hissəsi ola bilər. Qukasyanın fikrincə, Köçəryana qarşı illər əvvəl mövcud olan materialların məhz indi gündəmə gətirilməsi təsadüfi deyil. O, sabiq prezidentin rəhbərlik etdiyi siyasi qüvvələrin seçkilərdən əvvəl parlamentə daxil olmasına imkan verilməsini, daha sonra isə Köçəryanın təqib olunmasını Rusiyanın maraqları ilə əlaqələndirir. Bu yanaşmaya əsasən, Paşinyan Qərbdə özünü anti-Rusiya siyasətçisi kimi təqdim etməklə yanaşı, daxildə Moskvanın hesablamalarına uyğun müəyyən siyasi addımlar ata bilər. Müsahibədə Paşinyanın KTMT ilə bağlı mövqeyi də bu ziddiyyətlərin nümunəsi kimi göstərilir. Ermənistan rəhbərliyi təşkilatdan uzaqlaşdığını bəyan etsə də, İrəvanın KTMT ilə bağlı hüquqi və siyasi öhdəlikləri tam şəkildə aradan qalxmayıb. Eyni zamanda Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri də kəsilməyib. Bu isə Paşinyanın elan etdiyi Qərbə inteqrasiya kursunun nə dərəcədə ardıcıl olduğu barədə suallar yaradır. Digər tərəfdən, Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasına imkan verən iqtisadi və logistika kanallarında oynadığı rol da diqqətdən kənarda qalmır. Belə olan halda Paşinyanın “Rusiyadan uzaqlaşan lider” obrazı ilə İrəvanın Moskva ilə davam edən praktiki münasibətləri arasında ciddi uyğunsuzluq olduğu iddia edilir. Köçəryanın təqibi məsələsində də oxşar suallar ortaya çıxır. Əgər məqsəd həqiqətən korrupsiya ilə mübarizə və dövlətə vurulmuş ziyanın qaytarılmasıdırsa, niyə bu proses məhz indi aktivləşdirilib? Üstəlik, Paşinyanın özünün son 20 ildə Ermənistan dövlətindən təxminən 2 milyard dollar vəsaitin oğurlandığını bildirməsi fonunda, keçmiş hakimiyyətə qarşı açılan ayrı-ayrı cinayət işləri daha geniş siyasi kontekstdə qiymətləndirilir. Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirdi ki, Ermənistanda Robert Köçəryan və digər siyasi şəxslərin həbs edilməsi bir sıra mühüm suallar doğurur: “Burada əsas məsələlərdən biri budur ki, Paşinyan hakimiyyətinin bu addımları Rusiya tərəfindən necə qarşılanır. Çünki Köçəryan və həbs edilən digər bəzi siyasi şəxslər uzun illər ərzində Rusiya ilə yaxın münasibətləri və Moskvanın Ermənistandakı təsir dairəsi ilə əlaqələndiriliblər. Digər tərəfdən, Nikol Paşinyanın hakimiyyətə gəldiyi dövrdən etibarən Ermənistanın xarici siyasətində müəyyən istiqamət dəyişikliyi müşahidə olunur. Paşinyan ölkəni tədricən Rusiyadan uzaqlaşdıraraq Avropa strukturları ilə münasibətləri dərinləşdirməyə çalışır. Bununla belə, Ermənistanın Rusiya ilə bütün əlaqələrini qısa müddətdə kəsməsi real görünmür. Ölkədə hələ də Rusiya hərbi mövcudluğu var və Ermənistanın təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə Moskva ilə formalaşmış əlaqələri mövcuddur. Bu baxımdan Ermənistanın Rusiyadan uzaqlaşması üçün qarşıda kifayət qədər mürəkkəb mərhələ dayanır. İlk növbədə Azərbaycanla münasibətlərin tam normallaşdırılması, sülh müqaviləsinin imzalanması, konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları kimi qiymətləndirilə biləcək müddəaların aradan qaldırılması və regionda davamlı sülhün təmin olunması mühüm əhəmiyyət daşıyır. Bunlar həll edilmədən Ermənistanın həyata keçirdiyi siyasi və institusional islahatların regional baxımdan ciddi nəticələr doğurması çətin olacaq. Paşinyanı Mixail Saakaşvilidən fərqləndirən əsas cəhətlərdən biri də məhz Rusiyaya münasibətdə daha ehtiyatlı davranmasıdır. Saakaşvili hakimiyyəti Rusiyadan uzaqlaşma siyasətini daha sərt və açıq şəkildə həyata keçirirdi. Paşinyan isə Avropaya inteqrasiyanı prioritet istiqamət kimi təqdim etsə də, Rusiyanın mümkün reaksiyasını nəzərə alır və Moskva ilə münasibətlərdə müəyyən ehtiyatlılıq nümayiş etdirir. Nəzəri olaraq belə bir ehtimalı da nəzərdən keçirmək mümkündür ki, böyük dövlətlər öz maraqlarını qorumaq naminə əvvəlki dayaqlarından bəzilərinin zəifləməsinə və hətta siyasi baxımdan “fəda edilməsinə” razı ola bilərlər. Bu halda əsas məqsəd konkret şəxsləri qorumaq deyil, həmin ölkədə uzunmüddətli təsir imkanlarını saxlamaqdır. Yəni Rusiya üçün Köçəryan və onun ətrafındakı şəxslərin taleyindən daha vacib məsələ Ermənistanda gələcək siyasi konfiqurasiyada Moskvanın hansı mövqedə qalacağı ola bilər. Hazırda Rusiyanın Ukrayna müharibəsi ilə ciddi şəkildə məşğul olması onun Cənubi Qafqazdakı imkanlarını müəyyən qədər məhdudlaşdırır. Lakin bu, Moskvanın regiondan könüllü şəkildə geri çəkilmək istədiyi anlamına gəlmir. Rusiya Cənubi Qafqazı öz təhlükəsizlik və geosiyasi maraqları baxımından mühüm məkan hesab edir və burada mövcud təsir imkanlarını mümkün qədər qorumağa çalışacaq. Ona görə də Ermənistan ətrafında gedən prosesləri yalnız Paşinyan-Köçəryan qarşıdurması çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Burada daha geniş geosiyasi rəqabət mövcuddur. Paşinyan Avropaya inteqrasiya istiqamətində hərəkət edir, Rusiya isə özünün Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır. Köçəryan və digər Rusiya ilə əlaqəli siyasi şəxslərin zəifləməsi isə Moskvanın Ermənistandakı təsirinin avtomatik olaraq başa çatması demək deyil”. Geri qayıt |