|

Ali Məhkəmədə ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.
Qeyd: Hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə ərinə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Aynur Nağıyeva məhkəmə ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. O deyib ki, dəfələrlə ərinin xəyanətini, başqa qadınlarla danışığını tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Geri qayıt
|