Əsas Səhifə > Güney Press > “Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar”

“Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar”


Bu gün, 12:07

“Artıq Azərbaycanın ali məktəblərinə qəbul imtahanları başa çatıb. İmtahan verənlər nə qədər bal topladıqlarını və hansı ali məktəbə qəbul olduqlarını bilirlər. Mən imtahanları müvəffəqiyyətlə verib, ali məktəbə daxil olan gənc azərbaycanlıları ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı arzu edirəm. Arzulayıram ki, sentyabr ayının 15-dən başlayaraq dərslərini davam etdirsinlər və həvəsdən düşməsinlər. Daha çox çalışsınlar, daha çox oxusunlar. Müasir tələblər səviyyəsində Azərbaycanı dünyanın hər yerində layiqincə təmsil edən şəxslərə çevrilsinlər. Mən əminəm ki, Azərbaycanda kifayət qədər belə gənc var və onların gələcəyinə inanıram. Ali məktəblərə qəbul olunanların sayı mən Təhsil Naziri olduğum illərdəkindən iki dəfə çoxdur. O vaxtı ali məktəblərə qəbul bu qədər çox deyildi. Şagird bəlkə də çox idi”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin kafedra müdiri, eks Təhsil Naziri Misir Mərdanov deyib.
O daha sonra ali məktəb ocaqlarında təhsil haqlarının qiyməti ilə bağlı suala belə cavab verib:
“Təhsil haqqının az yaxud da çox olmasını kənardan qiymətləndirməyə çətinlik çəkirəm. Amma mən nazir olduğum vaxtda olurdu ki, bizə müraciət edirdilər, biz də universitetlərə məktub yazıb, bəzi adamları təhsil haqqından azad edirdik. Sonralar bizi də Maliyyə Nazirliyindən gəlib yoxladılar və dedilər ki, siz səhv edirsiz. Hətta cəzalananlar da oldu. Hərhalda mən düşünürəm ki, sosial vəziyyəti çətin olan insanlara hansısa formada mütləq kömək etmək lazımdır. Təhsil haqqını ödəyə bilmədiyinə görə tələbəni univeritetdən çıxarmağı müsbət hal hesab etmirəm”.

Geri qayıt