Əsas Səhifə > Güney Press > Fermer 3 litr süddən cəmi 45 qəpik...
Fermer 3 litr süddən cəmi 45 qəpik...Bu gün, 17:16 |
|
Ötən gün fermerin sağdığı 60 litr südü etiraz əlaməti olaraq yerə tökməsini əks etdirən görüntülər geniş rezonans doğurub. Fermer iddia edir ki, südün alış qiyməti süni şəkildə aşağı saxlanılır, artan istehsal xərcləri isə heyvandarlıq təsərrüfatlarını ağır vəziyyətə salıb. Onların sözlərinə görə, örüş və otlaq sahələrinin çatışmazlığı, tədarük məntəqələrinin olmaması və bazarda inhisarçılıq yerli süd istehsalının inkişafına ciddi maneə yaradır. Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ərzaq təhlükəsizliyinin ölkənin əsas prioritetlərindən biri olduğu vurğulanmışdı. Dövlət başçısı Azərbaycanın ət, süd və quş əti ilə özünü 100 faiz təmin etməli olduğunu bildirərək, yerli istehsalın artırılmasının vacibliyini qeyd etmişdi. Fermerlər hesab edirlər ki, bu hədəfə çatmaq üçün sahədə mövcud struktur problemləri aradan qaldırılmalıdır. Onların fikrincə, otlaq və örüş sahələrinin məhdudluğu heyvan yeminin maya dəyərini artırır, tədarük məntəqələrinin azlığı isə məhsulun bir neçə alıcının nəzarətində olan bazara çıxmasına səbəb olur. Nəticədə rəqabət zəifləyir, südün alış qiyməti aşağı salınır və istehsalçı çəkdiyi xərci belə qarşılaya bilmir. “Cebheinfo.az”- a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, fermerlərin etirazına səbəb olan süd əslində qida məhsulu kimi yararsız süddür: “Əvvəla, etiraz əlaməti olaraq 60 litr südü yerə tökən fermerin dağıtdığı məhsul normal süd deyil. Hazırda bölgələrdə üzsüz, yəni separator vasitəsilə yağı alınmış südün 3 litri emal sexləri tərəfindən 40–45 qəpiyə, bəzi yerlərdə 50 qəpiyə alınır. Bu süddən müxtəlif növ ağartı məhsulları hazırlanır. Yəni söhbət qida dəyəri aşağı olan süddən gedir. Bu süd əslində qida məhsulu kimi yararsızdır. Normal inək südünün yağlılığı təxminən 3,6 faiz olmalıdır. Bəzi inəklərdə bu göstərici 4–4,5 faizə çatır. Camış südündə isə yağlılıq daha yüksək olur və 5-6, bəzən hətta 9–10 faiz arasında dəyişə bilir. Əgər söhbət məhz yağı alınmış süddən gedirsə, onun bu şəkildə dövriyyəyə buraxılması özü bir cinayətdir. Həmin südü bölgələrdə sex açan sahibkarlar alaraq palma yağı və digər əlavələrlə müxtəlif ağartı məhsulları hazırlayırlar, sonra isə həmin məhsullar marketlərdə satışa çıxarılır”. İqtisadçı vurğulayıb ki, normal südü alan yoxdur: “Əslində, fermer normal süd satmır. Heç normal südü alan da yoxdur, çox nadir hallarda normal süd qəbul edilir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasında ciddi problemlər mövcuddur. Fermerlər məhsullarını birbaşa bazara çıxara bilmədikləri üçün onları məcburən vasitəçilərə ucuz qiymətə satırlar. Məsələn, 3 litrlik balonda olan və emal sexlərinin 45 qəpiyə aldığı südü vasitəçilər alır, ondan qatıq hazırlayıb Bakıda ən azı 3 manata, bəzi yerlərdə isə 5 manata satırlar. Beləliklə, fermer 3 litr süddən cəmi 45 qəpik gəlir əldə etdiyi halda vasitəçi heç bir ciddi əlavə xərc çəkmədən 2 manat 55 qəpik və ya daha çox qazanc götürür. O, heç bir əlavə iş görmür, sadəcə südə maya vuraraq 3 litr qatıq hazırlayır və satışa çıxarır”. Akif Nəsirlinin sözlərinə görə, əgər məhsul bu qiymətə satılırsa, o zaman elə şərait yaradılmalıdır ki, fermer də öz məhsulunu birbaşa bazara çıxarıb sata bilsin: “Digər tərəfdən, fermerin süd, qatıq, yağ və pendir kimi məhsullarını Bakı və digər böyük şəhərlərdə birbaşa sata bilməsi üçün şərait yaradılmalıdır. Elə bir sistem qurulmalıdır ki, fermer məhsulunu vasitəçisiz birbaşa istehlakçıya çıxarsın. Bu halda həm məhsulun qiyməti 3 manat deyil, məsələn, 2 manat olar, həm də fermerin 3 litr süddən gəliri 45 qəpik deyil, təxminən 2 manat təşkil edər”. O bildirib ki, proqramın qəbul edilməsi problemin həlli deyil, onun icrası və qanuna əməl edilməsi əsas şərtdir: “Bu problemlər müşavirədə də qeyd olundu. Hazırlanan Dövlət Proqramında da həmin məsələlərin həlli istiqamətində görüləcək tədbirlər nəzərdə tutulub. Əsas məsələ həmin tədbirlərin necə icra olunacağıdır. Yəni proqramın və qanunun qəbul edilməsi hələ problemin həlli demək deyil. Əsas şərt proqramın effektiv icrası və qanunun tələblərinə əməl olunmasıdır”. Geri qayıt |