Əsas Səhifə > Güney Press > İran banklarının Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi?
İran banklarının Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi?Bu gün, 15:22 |
ABŞ-ın İrana qarşı elan etdiyi yeni sanksiya siyasəti fonunda xüsusilə İran banklarının xaricdəki filiallarının bağlanması ilə bağlı tələblər diqqət çəkir. Bu açıqlamalar Azərbaycanda fəaliyyət göstərən İran banklarının gələcəyi və ölkəmizin ABŞ-ın İrana qarşı sanksiya siyasətinə hansı çərçivədə yanaşacağı ilə bağlı suallar yaradır. Azərbaycanın İrana qarşı sanksiyalara qoşulması ilə bağlı ABŞ tərəfindən konkret tələb və ya təzyiqin olub-olmayacağı da maraq doğurur.
Politoloq Oktay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən elan olunan İranın təcridetmə siyasəti əsasən ölkənin maliyyə kanallarının, gəlir gətirən sahələrinin nəzarətə götürülməsi və Tehranın iqtisadi təzyiq altında saxlanılması məqsədi daşıyır. O bildirib ki, sanksiyaların sərtləşdirilməsi, eləcə də ikinci dərəcəli sanksiyaların tətbiqi kifayət qədər ciddi məsələdir: “ABŞ maliyyə naziri bəyan edib ki, İranla əməkdaşlıq edən şirkətlər, qurumlar və dövlətlər də Amerikanın sanksiyalarına məruz qala bilərlər. Bu baxımdan, İranla iqtisadi əlaqələri geniş olan ölkələr üçün müəyyən çətinliklər yarana bilər. Azərbaycan da İranla ticarət əlaqələri olan ölkələrdəndir. İki ölkə arasında ticarət dövriyyəsi 600 milyon dolların üzərindədir. Ona görə də İrana tətbiq olunan sanksiyalar, şübhəsiz ki, Azərbaycan tərəfindən də müəyyən qədər nəzərə alınacaq”. Politoloqun sözlərinə görə, Azərbaycan ABŞ-la normal münasibətlər şəraitində hər hansı ciddi gərginliyin yaranmasında maraqlı deyil: “Şübhəsiz ki, Azərbaycan İran-ABŞ münasibətlərinin siyasi və diplomatik yollarla həll olunmasının tərəfdarıdır. Lakin görünən odur ki, tərəflərin mövqeləri bir-birindən ciddi şəkildə fərqlənir. ABŞ müxtəlif vasitələrlə İrana təzyiq göstərmək və öz şərtlərini qəbul etdirmək istəyir. Hazırkı mərhələ isə məhz iqtisadi sanksiyalarla bağlıdır”. Oktay Qasımov İran banklarının Azərbaycandakı fəaliyyəti və gələcəyi ilə bağlı məsələyə də toxunub: “Azərbaycanda İranın hansısa çox ciddi maliyyə və bank şəbəkəsi yoxdur. Vaxtilə İran Milli Bankının filialı fəaliyyət göstərirdi, lakin onun fəaliyyəti də çox geniş miqyaslı deyildi. Düşünürəm ki, bu məsələlər nəzərə alınacaq. Çünki bu mövzu Azərbaycan və İran arasında müzakirə predmeti ola bilər. Azərbaycan iki ölkə arasında yaranmış gərginliklərdən zərər çəkməməlidir. Bu baxımdan, belə maliyyə qurumları ilə bağlı məsələlər müzakirə olunmalı və həllini tapmalıdır”. Politoloqun fikrincə, ABŞ-ın İrana qarşı sanksiyalara qoşulmaqla bağlı tələbləri əsasən Amerikanın müttəfiqlərinə və yaxın münasibətdə olduğu ölkələrə aiddir: “ABŞ sadəcə olaraq ölkələrə xəbərdarlıq edir ki, onlar İrana qarşı tətbiq olunan iqtisadi məhdudiyyətlərdən yayınmaq və ya bu prosesdə Tehrana dəstək vermək istiqamətində addımlar atmasınlar. Söhbət İranla əlaqəli şirkətlərin, idxal-ixrac əməliyyatları həyata keçirən qurumların, İranın kölgə donanmasının və maliyyə əməliyyatlarının diqqətlə izlənilməsindən gedir. Bank və bank əməliyyatları da bu nəzarət çərçivəsindədir”. O deyib ki, bu məsələ Azərbaycana da müəyyən mənada aid ola bilər: “ABŞ-ın xəbərdarlıqları ilk növbədə onun yaxın müttəfiqlərinə və İranın qonşularına aiddir. Çünki İranın ticarət əlaqələrində qonşu ölkələr mühüm yer tutur. Azərbaycanın xarici ticarət dövriyyəsində də İranın müəyyən rolu var”. Oktay Qasımov əlavə edib ki, Azərbaycan tərəfi ABŞ və İran arasında baş verən prosesləri, tətbiq olunan sanksiyaları diqqətlə araşdıracaq və öz maraqlarına uyğun addımlar atacaq. bizimyol.info Geri qayıt |