Əsas Səhifə > Güney Press > Bakının məşhur tələbi Ermənistanın ən böyük planı seçildi

Bakının məşhur tələbi Ermənistanın ən böyük planı seçildi


Bu gün, 14:01

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026–2031-ci illər üçün proqramının təqdimatında deyib ki, yeni Konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.

Sitat:

“Ona görə ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməmək və ona son qoymaq barədə qərar verdik və xalq bu qərarı dəstəklədi. Yeni Konstitusiyanın hazırlanması prosesi Ermənistanın sırf daxili gündəliyidir. Ermənistan vətəndaşları Mülki Müqavilə Partiyasına səs verməklə bu proqramı dəstəkləyiblər. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın yer alması münaqişə məntiqinə qayıdış anlamına gələrdi. Konstitusiyanın mətni yaxın aylarda dərc olunacaq. Sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə hər hansı istinad olmamalıdır. Ermənistan Konstitusiyasında Azərbaycana və ya başqa bir ölkəyə qarşı ərazi iddiaları yoxdur”.

Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusilə orada əks etdirilən Azərbaycan və ətraf ölkələrə qarşı ərazi iddialarını özündə ehtiva edən maddələrin çıxarılması Bakının əsas tələblərindən biri idi.

Azərbaycanın bu tələbdə israr etməsi heç də təsadüfi deyildi. Belə ki, iki ölkə sülhə nə qədər yaxın olsa da, sülhü əldə etməkdən daha çətini onu qorumaq və gələcəkdə yeni müharibələrin qarşısını almaqdır. Lakin Ermənistan Konstitusiyası bu gün olmasa belə, gələcəkdə sülhün pozulması və yeni müharibə risklərini özündə ehtiva edir.

Paşinyan həm Azərbaycanın bu məsələdə sabit mövqeyini bilir, həm də özü artıq müharibədən qaçmaq üçün Ermənistanı dəyişməyə çalışır. Başqa cür desək, bu, əslində, Ermənistanın dövlətçilik anlayışında siyasi dönüşün açıq etirafıdır. Paşinyan demək istəyir ki, Ermənistanın gələcək Konstitusiyası keçmişin siyasi məqsədlərini daşıyan sənəd yox, bugünkü reallıqlara uyğunlaşdırılmış yeni çərçivə olmalıdır.

Diqqətçəkən bir digər məqam həm də odur ki, Paşinyan prosesi “Qarabağ hərəkatına son qoymaq” və “münaqişə məntiqinə qayıtmamaq” kimi izah edir. Əslində, Paşinyan keçmiş Qarabağ məsələsini Ermənistanın dövlət siyasətindən kənarlaşdırıb. Lakin bunu sənədə çevirərsə, Cənubi Qafqazda uzunmüddətli sülh baxımından ciddi siyasi dəyişiklik ola bilər.

Azərbaycanın istədiyi də elə məhz budur. Əgər belə bir yanaşma real hüquqi dəyişikliklərlə tamamlanarsa, tarixdə bunu sadəcə Konstitusiya dəyişiklikləri kimi yox, Ermənistanın Qarabağ məsələsinə münasibətində siyasi erasının dəyişməsi kimi qiymətləndirmək mümkün olacaq.


Turan Rzayev
Globalinfo.az


Geri qayıt