Əsas Səhifə > Güney Press > Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə...

Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə...


Bu gün, 17:46

Sosial şəbəkələrdə Rusiyada yaşayan bəzi Azərbaycan vətəndaşlarının Ukraynadakı müharibəyə cəlb edildiyini əks etdirən görüntülərin yayılması narahatlıq yaradıb. Bu görüntülər Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının və təhlükəsizliyinin necə təmin olunduğu, eləcə də belə hallarda Azərbaycanın hansı imkanlara malik olduğu ilə bağlı sualları yenidən gündəmə gətirib.

Əgər doğrudan da Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşları Ukraynadakı müharibəyə məcburi şəkildə cəlb olunursa, onların hüquqlarının qorunması və belə halların qarşısının alınması üçün Azərbaycan hansı hüquqi və diplomatik addımları ata bilər?

Moderator.az-ın yaranmış suallarını Milli Məclisin deputatı Bəhruz Məhərrəmov cavablandırıb.

Deputat qeyd edib ki, sosial şəbəkələrdə Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının məcburi şəkildə Ukraynadakı hərbi əməliyyatlara cəlb olunması iddialarını əks etdirən görüntülər həm hüquqi, həm də diplomatik müstəvidə kompleks və həssas yanaşma tələb edir:

"Bu cür məsələlərin obyektiv qiymətləndirilməsi və dövlət səviyyəsində adekvat addımların atılması üçün prosesin hüquqi əsasları, faktların dəqiqləşdirilməsi mexanizmləri və diplomatik alətlər nəzərə alınmalıdır.

​İlk növbədə, sosial şəbəkələrdə yayılan hər bir vizual materialın hüquqi fakt kimi qəbul olunması üçün müvafiq dövlət qurumları tərəfindən hərtərəfli araşdırılması vacibdir. Bu kontekstdə ən kritik məqam şəxslərin hüquqi statusunun müəyyən edilməsidir.

Əgər sözügedən şəxslər Rusiya Federasiyası vətəndaşlığını qəbul ediblərsə, onlar Rusiya qanunvericiliyinə əsasən, bu ölkənin hərbi mükəlləfiyyətliləri sayılırlar və bu halda xarici dövlətlərin prosesə birbaşa müdaxilə imkanları beynəlxalq hüquqla mahiyyətcə məhdudlaşır.

Lakin həmin şəxslər yalnız Azərbaycan Respublikasının vətəndaşıdırsa, onların Azərbaycan Cinayət Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq xarici ölkədəki hərbi münaqişələrə qanunsuz cəlb edilməsi hüquqi müstəvidə yolverilməzdir.

​Əgər yalnız Azərbaycan vətəndaşlığı olan şəxslərin hədə-qorxu, saxlanılma və ya digər məcburedici vasitələrlə döyüşlərə göndərilməsi faktları öz təsdiqini taparsa, Azərbaycan dövləti ölkə Konstitusiyasının xaricdə olan vətəndaşların hüquqi müdafiəsinə təminat verilməsində ehtiva olunan 74-cü maddəsinə əsaslanaraq müvafiq addımlar ata bilər.

Diplomatik müstəvidə Xarici İşlər Nazirliyi xətti ilə Rusiya Federasiyasının aidiyyəti qurumlarına rəsmi nota və ya sorğular təqdim edilərək məsələyə dərhal aydınlıq gətirilməsi və Azərbaycan vətəndaşlarına qarşı qanunsuz təzyiqlərin aradan qaldırılması tələb olunur.

Eyni zamanda "Konsulluq əlaqələri haqqında" 1963-cü il Vyana Konvensiyasına əsasən, Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəlikləri və konsulluqları həmin vətəndaşlarla görüşmək, onlara hüquqi yardım göstərmək, vəkil ayrılmasını təmin etmək və zərurət yarandıqda onların təhlükəsiz şəkildə ölkəyə qaytarılması istiqamətində tədbirlər görür.

Paralel olaraq, iki ölkə arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında ikitərəfli müqavilələr əsasında Baş Prokurorluq səviyyəsində rəsmi araşdırma sorğuları göndərilir.

Yəni Azərbaycan dövləti beynəlxalq münasibətlərdə balanslı və neytral xarici siyasət kursuna sadiq qalsa da, öz vətəndaşlarının xaricdə hüquq və azadlıqlarının pozulması halında beynəlxalq hüquq normaları və diplomatik kanallar vasitəsilə adekvat reaksiya vermək hüquq və öhdəliyinə malikdir".


Geri qayıt