Əsas Səhifə > Güney Press > Yerli, yoxsa xaricdən gətirilən əti alırıq?
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq?Bu gün, 17:22 |
|
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 28 min ton ət idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə ətin dəyəri 66,1 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2,9 min ton (11,3 %), dəyər baxımından isə 11 milyon ABŞ dolları (19,9 %) çoxdur. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib. Qeyd edək ki, idxal edilən ətin həcmi ötən ilə nisbətən dəfələrlə artsa da hazırda ölkədə yerli ətin qiyməti bahalaşmaqda davam edir. Maraqlıdır, vətəndaşlar yerli, yoxsa idxal əti çox alır? Ət idxalı niyə qiymətlərin ucuzlaşmasına səbəb olmur? Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, Azərbaycanda ət bazarına baxanda əsas mənzərə, istehlak olunan ətin böyük hissəsinin hələ də yerli istehsal hesabına təmin edilməsindən ibarətdir: "İdxal olunan ətin payı isə nisbətən kiçikdir. Buna görə də xaricdən ət gətirilməsinin artması bazarda qiymətlərin avtomatik olaraq aşağı düşməsi ilə nəticələnmir. İdxal daha çox yerli bazardakı çatışmazlığı müəyyən qədər tamamlayan əlavə mənbə rolunu oynayır. Bunun əsas səbəblərindən biri ölkədə heyvandarlıq təsərrüfatlarında mal-qaranın sayının azalmasıdır. Son illərdə həm iribuynuzlu mal-qara, həm də qoyun-keçi sayında azalma müşahidə olunur. Heyvanların sayının azalması isə yerli ət istehsalının artmasını məhdudlaşdırır. Belə vəziyyətdə idxalın artırılması bazardakı çatışmazlığı tam aradan qaldırmır, sadəcə qiymətlərin daha sürətlə yüksəlməsinin qarşısını müəyyən qədər alır". Ekspert deyir ki, digər mühüm məsələ idxal olunan ətin qiymətidir: "Əgər xaricdən gətirilən ət yerli ətdən xeyli ucuz olsaydı, istehlakçının bir hissəsi ona "keçər" və bu, yerli istehsalçıları qiymətləri aşağı salmağa məcbur edərdi. Azərbaycanda isə idxal olunan ətin belə güclü qiymət üstünlüyü yoxdur. Qlobal bazarda ətin bahalaşması ilə yanaşı daşınma, logistika, gömrük və digər xərclər də son qiymətə əlavə olunur. Nəticədə idxal əti bazarda “ucuz alternativ” rolunu tam yerinə yetirə bilmir. Yerli istehsalçının xərcləri də artır. Yem, baytarlıq xidmətləri, heyvanların saxlanması, əmək və digər xərclərin yüksəlməsi ətin maya dəyərini artırır. Bu səbəbdən həm yerli, həm də idxal olunan ətin qiymətində eyni istiqamətli artım yaranır. Məsələn, Türkiyə ilə Azərbaycan arasında əsas fərq də məhz burada ortaya çıxır. Türkiyədə idxal olunan ət yerli məhsulla müqayisədə daha ucuz olduqda istehlakçının həmin məhsula yönəlməsi artır. Bu isə yerli istehsalçı üçün rəqabət yaradır və qiymətlərin həddindən artıq yüksəlməsinə müəyyən məhdudiyyət qoyur. Azərbaycanda isə idxalın bazardakı payı və qiymət üstünlüyü kifayət qədər böyük olmadığı üçün belə güclü rəqabət yaranmır. Ona görə də idxalın artması “ət ucuzlaşacaq” demək deyil". Onun sözlərinə görə, əslində idxalın bazardakı əsas funksiyası qiyməti aşağı salmaqdan daha çox, qiymət artımını müəyyən qədər cilovlamaqdır: "Başqa sözlə, idxal olmasaydı, yerli istehsalın imkanları məhdud olduğu üçün bazarda təklif daha da azalacaq və qiymətlər indikindən yüksək ola bilərdi. Lakin idxalın həcmi və qiyməti yerli istehsalı əvəz edəcək səviyyədə olmadığı üçün onun təsiri daha çox bahalaşmanın qarşısını qismən almaqla məhdudlaşır. Bu səbəbdən ət qiymətlərinin davamlı şəkildə aşağı düşməsi üçün yalnız idxalı artırmaq kifayət deyil. Əsas məsələ yerli heyvandarlığın inkişaf etdirilməsi, heyvan sayının artırılması, yem bazasının gücləndirilməsi və istehsal xərclərinin azaldılmasıdır. Yerli istehsal artmadıqca idxalın hesabına bazarda uzunmüddətli və ciddi ucuzlaşma yaratmaq çətin olacaq". Geri qayıt |