Əsas Səhifə > Güney Press > Ermənistanın AES təhlükəsi:
Ermənistanın AES təhlükəsi:Bu gün, 10:40 |
|
Ermənistan enerji sistemində növbəti böyük dönüşə hazırlaşır. İrəvan köhnə Metsamor Atom Elektrik Stansiyasının gələcəyini müəyyənləşdirmək üçün kiçik modul reaktorlara – MMR-lərə ümid bağlayır. Lakin bu seçim ətrafında suallar getdikcə artır: texnologiya nə qədər yetkindir, layihənin real qiyməti nə olacaq, yanacaq təminatı necə həll ediləcək və ən əsası, Ermənistan özünün bir enerji asılılığından çıxaraq başqa bir asılılığa düşməyəcəkmi? Musavat.com xəbər verir ki, bu suallar ermənistanlı ekspert Armen Martirosyanın “168.am” üçün hazırladığı geniş təhlildə də ön plana çıxarılır. Müəllif hesab edir ki, ölkənin əsas enerji mənbələrindən birini əvəz edəcək layihə siyasi dəb və ya xarici tərəfdaşın vədləri əsasında deyil, bütün mümkün texnologiyaların müqayisəli və müstəqil ekspertizası əsasında seçilməlidi.Hazırda Ermənistanın nüvə enerjisinin əsas dayağı Metsamor AES-dir. 416 MVt gücündə olan enerji bloku 2025-ci ildə ölkədə elektrik enerjisi istehsalının təxminən 30 faizini təmin edib. Ermənistan hökuməti stansiyanın istismar müddətini 2036-cı ilə qədər uzadıb. Lakin bu tarix yaxınlaşdıqca İrəvan qarşısında əsas sual daha da aktuallaşır: Metsamorun yerinə nə gələcək? Martın 10-da Ermənistan hökuməti modul atom energetikasının inkişafını prioritet istiqamət kimi açıqlayıb. Burada diqqətçəkən məqam isə texnologiyanın müzakirəsi ilə bağlı prosesin hələ tamamlanmadığı bir vaxtda MMR-lərin artıq strateji istiqamət kimi müəyyənləşdirilməsidir. Martirosyan məhz bunu problemli hesab edir. Onun fikrincə, belə mühüm qərar üçün yalnız ABŞ texnologiyalarına əsaslanan araşdırma bütün alternativləri əhatə edən müstəqil seçim hesab edilə bilməz. May ayında ABŞ-ın "Sargent & Lundy" şirkəti Metsamorun əvəzlənməsi ilə bağlı ilkin qiymətləndirmə aparıb və dörd ABŞ MMR texnologiyasının daha ətraflı nəzərdən keçirilməsini tövsiyə edib. Lakin burada maraqlı bir məqam var: qiymətləndirmə ABŞ texnologiyaları ilə məhdudlaşıb. Bu isə təbii olaraq sual yaradır: Ermənistan bütün mövcud texnologiyaları müqayisə edib, yoxsa əvvəlcə istiqaməti müəyyənləşdirib, sonra həmin istiqamət üzrə seçim aparıb? MMR-lərin əsas üstünlüyü onların modul quruluşudur. Nəzəri olaraq əsas komponentlər zavodda istehsal olunur, daha sonra tikinti sahəsinə gətirilərək quraşdırılır. Bu isə iri atom elektrik stansiyalarından fərqli olaraq tikinti müddətinin və xərclərin azalmasına imkan verməlidir. Lakin nəzəriyyə ilə praktika arasında ciddi fərq var. Martirosyan “Financial Times”ın avqustun 18-də dərc etdiyi materiala istinad edərək bildirir ki, ABŞ-ın aparıcı MMR şirkətlərinin maliyyə vəziyyəti gözləntilərin reallıqla tam üst-üstə düşmədiyini göstərir. "NuScale Power", "Nano Nuclear" və "Oklo" şirkətlərinin ümumi bazar kapitallaşmasının 2025-ci ilin oktyabrındakı maksimumdan sonra 30 milyard dollardan çox azalması da bu baxımdan diqqət çəkir. Ən maraqlı nümunələrdən biri "NuScale"dir. Şirkətin reaktor dizaynı ABŞ tənzimləyicisinin təsdiqindən keçsə də, ilk böyük kommersiya layihəsi dayandırılıb. Üstəlik, layihə üçün nəzərdə tutulan dövlət dəstəyinin əhəmiyyətli hissəsi artıq xərclənmişdi. Bu fakt MMR texnologiyasının təhlükəli olması anlamına gəlmir. Amma başqa bir problemi ortaya qoyur: texnologiyanın kommersiya baxımından genişmiqyaslı və rəqabətqabiliyyətli olması hələ tam sübuta yetirilməyib. Ermənistan isə belə bir texnologiyanın ilk nəsil müştərilərindən birinə çevrilə bilər. Bu halda İrəvan hazırda tam formalaşmamış bazarın risklərini də öz üzərinə götürməli olacaq. İrəvanla Vaşinqton arasında nüvə energetikası üzrə əməkdaşlıq da layihənin miqyasını göstərir. Fevralın 9-da Ermənistanın baş naziri və ABŞ vitse-prezidenti Cey Di Vens atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üzrə danışıqların yekunlaşması ilə bağlı bəyanat imzalayıblar. ABŞ tərəfi mümkün 5 milyard dollara qədər ixrac, əlavə olaraq isə uzunmüddətli xidmət müqavilələri üzrə daha 4 milyard dollara qədər potensial həcmdən danışıb. Burada terminlərə diqqət etmək lazımdır. Bu 9 milyard dollar Ermənistan iqtisadiyyatına yatırılacaq 9 milyard dollarlıq xarici investisiya deyil. Bu rəqəm potensial olaraq ABŞ şirkətlərindən alınacaq avadanlıq, xidmət və digər təchizatın ümumi dəyərini ifadə edir. Yəni ABŞ şirkətləri üçün bu, gəlir imkanlarıdırsa, Ermənistan üçün xərc öhdəliyidir. Üstəlik, Ermənistanın ÜDM-i təxminən 32 milyard dollar səviyyəsindədir. Deməli, yalnız 5 milyard dollarlıq ilkin təchizat belə ölkənin bir illik iqtisadi məhsulunun təxminən 16 faizinə bərabər məbləğdir. Burada əsas sual ortaya çıxır: Ermənistan bu layihəni hansı pulla maliyyələşdirəcək? Kredit olacaq, dövlət büdcəsi hesabına ödəniləcək, yoxsa elektrik tariflərinə əlavə yük düşəcək? İrəvanın qarşısında sadəcə “Rusiya, yoxsa ABŞ?” sualı dayanmır. Əsas sual budur: Ermənistan gələcəkdə bir təchizatçıdan asılı olmaq əvəzinə, bütün nüvə yanacağı və texniki xidmət zəncirini başqa bir təchizatçının nəzarətinə verməyəcəkmi? Əks halda Ermənistan bir enerji problemini həll etmək istəyərkən daha böyük problem yarada bilər. ABŞ MMR-ləri Ermənistan üçün böyük imkan ola bilər. Amma onların Ermənistanı “xilas edəcəyini” indidən söyləmək tezdir. Əgər texnologiya, maliyyə və yanacaq məsələləri tam hesablanmadan qərar verilərsə, bu layihə ölkənin enerji təhlükəsizliyinin təminatı yox, uzunmüddətli və çox bahalı asılılığın başlanğıcına çevrilə bilər... Musavat.com Geri qayıt |