Əsas Səhifə > Güney Press > Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı
Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlıBu gün, 10:30 |
|
Ali Məhkəmədə adam oğurluğu və dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən İlqar Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, İlqar Məmmədov əvvəlcədən əlbir olduğu şəxslərlə birlikdə Rusiyanın Komi Respublikasında zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) oğurlayıb və ona qarşı zor tətbiq edib. İş materiallarına görə, hadisə 2019-cu ildə Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərində baş verib. Belə ki, İlqar Məmmədov tanışının təklifi əsasında Rusiya Federasiyası vətəndaşı ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil edib. Qrupun məqsədi zərərçəkmiş S.S.-i oğurlamaq olub. Əvvəlcədən müəyyən edilmiş rollara uyğun olaraq tanışı zərərçəkmiş şəxslə əlaqə saxlayaraq onu Sıktıvkar şəhəri, Bumajnikov küçəsi, 26 ünvanına çağırıb. S.S. həmin şəxsin dəvəti ilə qeyd edilən ünvana gəldikdən sonra İlqar Məmmədov ona yaxınlaşıb. Onlar zərərçəkmiş şəxsin əllərindən tutaraq ona zor tətbiq edib, daha sonra S.S.-i İlqar Məmmədovun idarə etdiyi “Opel Astra” markalı avtomobilə tərəf aparıblar. Zərərçəkmiş şəxsin müqavimət göstərməsi səbəbindən İlqar Məmmədov onun baş nahiyəsinə azı iki dəfə zərbə vurub. Bundan sonra zərərçəkmiş şəxs məcburi şəkildə avtomobilin arxa oturacağına mindirilib. Maşın Sıktıvkar şəhəri ərazisindən hərəkət edərək Komi Respublikasının Kortkeros rayonunun Kortkeros kəndində yerləşən şirkətlərdən birinin ərazisinə gətirilib. Burada S.S.-in müqavimət göstərməsinin və qaçmasının qarşısını almaq məqsədilə onun yük trosu ilə avtomobilin oturacağına bağlandığı bildirilir. Daha sonra İlqar Məmmədov silah qismində istifadə etdiyi bıçağı zərərçəkmiş şəxsin boğazına tutaraq onu hədələyib və həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib. Lakin hadisənin qarşısı polis əməkdaşlarının müdaxiləsi nəticəsində alınıb. Belə ki, saat 00:05 radələrində polis əməkdaşları hadisə yerinə gələrək zərərçəkmiş şəxsi azad ediblər. İlqar Məmmədova qarşı irəli sürülən ittihamlardan biri də Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı olub. Məlumata görə, Rusiya Federasiyasının Komi Respublikası üzrə müvafiq dövlət qurumu tərəfindən İlqar Məmmədovun Rusiya ərazisinə girişinə müəyyən müddətə qadağa qoyulub. O, giriş məhdudiyyətinin müddətinin başa çatmasını gözləmədən, Rusiyaya girişinə icazə verilmədiyini bildiyi halda 2018-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçib. İlqar Məmmədov Azərbaycan Respublikasının Yalama və Rusiya Federasiyasının Taqirkent-Kazmalyar buraxılış məntəqələri arasından keçərək Rusiya dövlət sərhədini qanunsuz şəkildə keçib. Daha sonra Taqirkent-Kazmalyar buraxılış məntəqəsinə gəlib və sərhəd nəzarətindən keçərkən pasportunu təqdim edib. O, barəsində Rusiya ərazisinə girişin qadağan edilməsi barədə qərarın mövcud olduğunu sərhəd nəzarəti əməkdaşlarından gizlədib və bununla həmin qərarla bağlı əməkdaşları yanıldaraq Rusiya ərazisinə daxil olub. Hadisədən bir müddət sonra İlqar Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Eyni zamanda, məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş 8 illik azadlıqdan məhrumetmə cəzasını şərti olaraq tətbiq edib və onun barəsində 2 il sınaq müddəti müəyyənləşdirib. Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlı ittiham üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq cəza təyin edilməyib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti təmin edilməyib. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Geri qayıt |