Əsas Səhifə > Güney Press > Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı

Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı


Bu gün, 13:20

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir İmrəliyevin (soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 04 may 2025-ci il tarixdə saat 02:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən qarajda qeydə alınıb.

Belə ki, Samir İmrəliyevlə tanışı, zərərçəkmiş Camulla Səfərovun (soyadı şərtidir) arasında əvvəlcədən mövcud olan pul münasibətləri ilə bağlı insident baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs tanışı ilə aralarında yaşanan sözlü qarşıdurmanı onun qarın nahiyəsinə toxunmasını cüzi səbəb kimi bəhanə gətirib. Bu zaman Samir xuliqanlıq niyyəti ilə ona hücum edib. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq, Camullanın sinə nahiyəsindən bir dəfə zərbə vuraraq ona ağır bədən xəsarəti yetirib.

İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (qəsdən, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə araşdırması zamanı təqdim olunan sübutların təhlili nəticəsində cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi təsdiqini tapmayıb. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişə qəsdən ağır bədən xəsarəti yetirdiyini müəyyən edib.

Məhkəmə iclasında ifadə verən Samir İmrəliyev ittihamı qismən – CM-in 126.1-ci maddəsi üzrə etiraf edərək bildirib ki, hadisə ərəfəsində o, “Seyidin dönəri” adlı kafedə gecə növbəsində işləyib və Camulla ilə tanış olub. Onların arasında yaranmış mübahisə motosikletin pulunun ödənilməsi ilə əlaqəli olub. Onun sözlərinə görə, mübahisə zamanı tərəflər əvvəlcə söhbət etmək üçün sexə daxil olublar, orada iki bıçaq görən təqsirləndirilən şəxs bıçaqlardan birini cibinə qoyub. Davam edən mübahisə fonunda isə Samir bıçaqla zərərçəkmişə zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin edilməyib.


Geri qayıt