Əsas Səhifə > Güney Press > Avtobus sürücüsü yol mübahisəsi zamanı digər sürücünü bıçaqladı
Avtobus sürücüsü yol mübahisəsi zamanı digər sürücünü bıçaqladıBu gün, 11:29 |
|
Ali Məhkəmədə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Elnur Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə 2024-cü ildə saat 06:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verib. Elnur Bayramov həmin vaxt marşrut xətti üzrə idarə etdiyi “BMC” markalı avtobusla hərəkətdə olub. O, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, zərərçəkmiş Tağı Qədimovla (adı, soyadı şərtidir) yol hərəkəti qaydaları ilə bağlı mübahisə edib. Mübahisə zamanı Elnur Bayramov avtobusu saxlayaraq aşağı düşüb və zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib, əl-qol hərəkətləri edərək səs-küy yaradıb. Hadisə yerinə insanların toplaşmasına və tərəfləri ayırmağa çalışmasına baxmayaraq, o, qanunsuz hərəkətlərini davam etdirib. Avtobusa geri qalxan təqsirləndirilən şəxs oradan istintaqa məlum olmayan, deşici-kəsici xassəyə malik aləti götürüb. Daha sonra həmin alətlə yenidən avtobusdan aşağı düşərək Tağının üzərinə hücum edib. Əlindəki aləti nümayiş etdirərək ona zor tətbiq etməklə hədələyib. Elnur Bayramov ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirib. Məhkəmə materiallarında göstərilir ki, o, xuliqanlıq niyyəti ilə əlində saxladığı deşici-kəsici xassəyə malik alətlə Tağının qarın nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsin qarın nahiyəsinin sol yarısının ön səthində qaraciyərin zədələnməsi ilə müşayiət olunan, daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara əmələ gəlib. Məhkəmə-tibbi ekspertizanın nəticəsinə əsasən, həmin xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirilib. Beləliklə, Elnur Bayramovun əməli həm xuliqanlıq, həm də xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib. Elnur Bayramova 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra Elnur Bayramov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Geri qayıt |