Əsas Səhifə > Güney Press > Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə

Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə


Bu gün, 10:56

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İbrahim İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama əsasən, hadisə 2025-ci il tarixdə saat 17 radələrində Goranboy rayonunun Düzqışlaq kəndində baş verib.

Belə ki, İbrahim İbrahimov həmin kənddə onunla qonşu yaşayan əmisi oğlu, zərərçəkmiş Azər İbrahimovla (soyadı şərtidir) həyətyanı sahələrini bir-birindən ayıran çəpərin yerinin müəyyənləşdirilməsi ilə bağlı uzun müddət davam edən mübahisə zəminində qarşıdurma yaradıb. Təqsirləndirilən şəxs küçədən setkanın üzərindən öz həyətində dayanan əmisi oğlunun istiqamətinə yerdən götürdüyü bir neçə daş parçasını ardıcıl olaraq atıb. Atılan daşlardan biri zərərçəkmiş şəxsin baş və sağ sifət nahiyəsinə dəyib. Nəticədə Azərin sağ gicgah sümüyünün daxilə yerdəyişmiş və sağ almacıq sümüyünün basılmış sınıqları, həmçinin lokal hipodens sahə ilə müşayiət olunan xəsarətlər aldığı müəyyən edilib.

Ekspertiza ilə həmin xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, həyat üçün təhlükəli hesab edilən sağlamlığa ağır zərərvurmaya aid olduğu müəyyənləşdirilib.

Bununla bağlı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən İbrahim İbrahimov ona elan olunmuş ittihamı qismən qəbul edib. O, ifadəsində Azərin hər gün evinin qarşısına gələrək onu nalayiq ifadələrlə təhqir etdiyini və alçaltdığını söyləyib.

İbrahim İbrahimovun sözlərinə görə, tərəflər arasında narazılığın əsas səbəbi həyətyanı sahələri ayıran hasarın yeri və torpaq sahəsinin ölçüsü ilə bağlı olub. O, bu məsələ ilə bağlı prokurorluğa da məlumat verdiyini söyləyib.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə daş atmadığını deyib. Onun sözlərinə görə, hadisənin baş verdiyi ərazidə müşahidə kameraları olub və həmin görüntülər onun zərərçəkmiş şəxsi vurmadığını təsdiqləyə bilər.

İbrahim İbrahimov həmçinin bundan əvvəl Azərin onun qızına xəsarət yetirdiyini və bununla bağlı polisə şikayət etdiyini bildirib.


Geri qayıt