Əsas Səhifə > Güney Press / Partiya > “O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar”
“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar”Bu gün, 02:31 |
|
Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır. Hətta mövcud vəziyyətlə bağlı Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Eləcə də Rusiyanın mövqeyi ilə bağlı Mətbuat Şurası bəyanat yayıb. Qeyd edək ki, Rusiyanın media və informasiya məkanında Azərbaycana qarşı bu cür mövqenin nümayişi ilk deyil. Məsələ ilə bağlı millət vəkili Arzuxan Əlizadə də “Cebheinfo.az”-a bunun ilk olmadığını, bu gedişlə son da olmayacağını bildirib: “Çünki Rusiya çox adekvat olmayan, Azərbaycan-Rusiya münasibətlərinə heç də uyğun görünməyən mövqe sərgiləməkdədir. Rusiya KİV-ləri, istər sosial şəbəkələri tam olaraq həmin ölkə rəhbərliyinin nəzarəti altındadır. Kremlin razılığı olmadan Azərbaycana, istərsə də digər dövlətə qarşı hanısa formada bu cür təxribat xarakterli mövqe sərgilənə bilməz. Yazılar yayıla bilməz, hər hansı bir kontentdən Azərbaycana, istərsə də digər dövlətə qarşı Rusiya KİV-lərinin, ictimai- siyasi xadimlərinin bu cür sərt, yalnış mövqeyi ola bilməz. Bu istənilən halda Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır. 2022-ci ildə Azərbaycanla Rusiya arasında “Strateji müttəfiqlik haqqında” müqavilə imzalanıb. Azərbaycan həmin müqavilənin bütün bəndlərinə sona qədər əməl edib, edir və edəcək. Çünki biz qonşu və digər dövlətlərlə normal münasibətlərin formalaşmasında maraqlıyıq. Sadəcə Azərbaycanla bərabərhüquqlu müstəvidə qonşuluq, əməkdaşlıq münasibətləri qorunmaqla mövqe sərgilənməlidir”. Millət vəkilinin sözlərinə görə, əks halda adekvat cavab veriləcək: “Ancaq təəssüf ki, 2 il əvvəl bizim təyyarəmiz Rusiya məkanında vurulanda da, ondan sonrakı dönəmdə də Rusiya olduqca dost olmayan mövqe sərgiləyib. Baxmayaraq ki, Rusiya Prezidenti üzrxahlıq etdi, Azərbaycan Prezidenti ilə Düşənbədə görüşündə bizi ümidləndirdi və bundan sonra Azərbaycana qarşı bu cür mövqe olmayacağını bildirdi. Ancaq bütün bunlara baxmayaraq, növbəti dəfə biz Azərbaycana qarşı belə düşmən münasibətin şahidi oluruq. Yalnız Mətbuat Şurası deyil, əvvəllər XİN, digər qurumlarımız, ümumilikdə Azərbaycan tərəfi mövqe sərgiləyiblər. Hesab edirəm ki, Azərbaycana qarşı bu mövqe yanlışdır. Rusiya bu gün demək olar ki, bütün dünyaya savaş açıb. Ukrayna müharibəsi ilə özünü bataqlığa salıb. Rusiya bu gün özünün apardığı işğalçılıq siyasəti ilə siyasi, iqtisadi, hərbi çöküş, eləcə də insan resurslarının qıtlığı üz-üzə qalıb. Azərbaycan və Türkiyə bütövlükdə Rusiya üçün əslində bir nəfəslik rolunu oynayıb. Ancaq fərqli, dost olmayan münasibətlər sərgilənirsə, təbii ki, Azərbaycan da adekvat münasibət bildirəcək. O nəfəsliyi bağlamaq istəyirlərsə, bağlasınlar. Hansı nəticə ilə üzləşəcəkləri təbii ki, əvvəlcədən məlumdur” Geri qayıt |