Əsas Səhifə > Güney Press > İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir?
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir?Bu gün, 18:18 |
|
Məhsulların istehsalçıdan istehlakçıya çatana qədər qiymətində bir neçə mərhələdə əlavə xərclər və marjalar formalaşır. İstehsalçı, topdansatışçı, distribütor və pərakəndə satıcının payı, eləcə də logistika, anbar, vergi və digər xərclər məhsulun son satış qiymətinə təsir göstərir. Bəzi hallarda isə məhsulun ilkin qiyməti ilə mağazadakı satış qiyməti arasında ciddi fərq yaranır. Bu baxımdan qiymətin hansı mərhələdə və hansı səbəblərdən artması, vasitəçilərin rolu və bazarda qiymətlərin formalaşmasına nəzarət mexanizmləri maraq doğurur. Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məhsuldan məhsula fərq böyükdür: “Ona görə də istehsalçı, topdansatışçı və pərakəndə satıcının son qiymətdə sabit payını müəyyən etmək mümkün deyil. Ərzaq məhsullarında ümumi yanaşma kimi istehsalçı qiyməti son pərakəndə qiymətin təxminən 50-70 faizini təşkil edə bilər. Qalan hissə isə logistika, topdansatış və pərakəndə ticarət marjası, vergi və digər xərclərin payına düşür. Lakin bəzi məhsullarda istehsalçının payı daha aşağı, pərakəndə və vasitəçi marjaları isə daha yüksək ola bilər. İstehsalçıdan mağazaya qədər qiymətin ciddi artmasının əsas səbəbləri nəqliyyat və yanacaq xərcləri, anbar və soyuducu sistemlərinin saxlanması, məhsul itkisi, qablaşdırma, vergi və digər əməliyyat xərcləridir. Bundan başqa, məhsulun bir neçə vasitəçinin əlindən keçməsi hər mərhələdə əlavə marjanın yaranmasına səbəb olur. Tələb-təklif nisbəti, mövsümilik, idxal məhsullarında valyuta məzənnəsi və gömrük xərcləri də son qiymətə təsir edir. Vasitəçilərin rolu xüsusilə kənd təsərrüfatında daha nəzərəçarpandır. Fermer məhsulunu aşağı qiymətə satdığı halda, məhsulun şəhərə daşınması, çeşidlənməsi, saxlanması və bir neçə dəfə alınıb-satılması nəticəsində mağazadakı qiymət xeyli yüksələ bilər”. O bldirib ki, amma bütün qiymət fərqini vasitəçinin mənfəəti kimi qiymətləndirmək də düzgün deyil: “Bu fərqin içərisində real logistika və ticarət xərcləri də var. Süni qiymət artımının qarşısını almaq üçün əsas mexanizmlər rəqabət qaydalarının tətbiqi, bazarda dominant mövqedən sui-istifadənin və qiymət razılaşmalarının araşdırılması, istehlakçı hüquqlarının qorunması və ticarət obyektlərində qiymətlərin şəffaf göstərilməsidir. Burada əsas məsələ sadəcə qiymətin yüksək olması deyil, bazar iştirakçısının rəqabəti məhdudlaşdıraraq və ya razılaşdırılmış şəkildə qiyməti süni artırıb-artırmamasıdır. Əslində problemin daha fundamental həlli istehsalçı ilə istehlakçı arasındakı zəncirin qısaldılmasıdır”. İqtisadçı qeyd edib ki, fermerlərin kooperativlər vasitəsilə birbaşa supermarketlərə çıxışı, logistika və anbar infrastrukturunun inkişafı, topdansatış bazarlarında şəffaflığın artırılması və elektron ticarət platformalarının genişləndirilməsi vasitəçi xərclərini azaltmaqla həm istehsalçının gəlirini, həm də istehlakçı üçün daha münasib qiyməti təmin edə bilər. Geri qayıt |