Əsas Səhifə > Güney Press > Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu

Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu


Bu gün, 17:31

Binəqədi Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə, əmlakı ehtiyatsızlıqdan məhv etmədə və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozmada təqsirləndirilən Namik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Namik Məmmədova qarşı Cinayət Məcəlləsinin 185.2.2, 185.2.4 və 187.1-ci maddələri ilə başlanmış cinayət təqibindən imtina edilməsi qərara alınıb və həmin hissələr üzrə cinayət təqibinə xitam verilib. Bununla yanaşı, məhkəmə onu Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Bu maddə üzrə Namik Məmmədova 3 000 manat cərimə cəzası təyin edilib. O, həmçinin Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Bu maddə üzrə ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 000 manat cərimə cəzası verilib.

Məhkəmə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Namik Məmmədovun üzərində 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 000 manat cərimə cəzasını saxlayıb. Lakin məhkəməyədək icraat dövründə onun 2016-cı ildə 2 gün müddətində tutulmasını da nəzərə alıb. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həmin müddət nəzərə alınaraq cərimə cəzası yüngülləşdirilib.

Nəticədə Namik Məmmədova qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 000 manat cərimə cəzası təyin olunub.

Məhkəmə həmçinin iş üzrə maddi sübut kimi tanınan “Mercedes” və “Opel Zafira” markalı avtomobillərin sahiblərinə qaytarılmasını qərara alıb.

İttihama görə, Namik Məmmədov avtomobili talamaq məqsədi olmadan qanunsuz ələ keçirib idarə etməsi, sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı təqsirləndirilib.

Hadisə 2016-cı il tarixdə gecə saatlarında Bakı şəhərinin Binəqədi rayonunda baş verib.

Belə ki, təqsirləndirilən şəxslə taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) arasında gediş haqqının ödənilməsi ilə bağlı mübahisə yaranıb. Mübahisə zamanı Namik Məmmədov taksi sürücüsünə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gəlib. Bundan sonra D.D. “Mercedes-benz-190” markalı avtomobildən düşərək hadisə yerindən uzaqlaşıb.

Bundan istifadə edən Namik Məmmədov avtomobili talama məqsədi olmadan ələ keçirərək idarə edib. O, həmin vaxt sərxoş vəziyyətdə olub.

Namik Məmmədov maşınla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindən Rəsulzadə qəsəbəsi istiqamətinə, daha sonra isə 8-ci mikrorayon istiqamətində hərəkət edib. O, yaşayış məntəqəsində saatda 100-120 kilometr sürətlə avtomobil idarə edib.

Bununla yanaşı, yol hərəkəti qaydalarının tələblərini pozaraq 1.3 üfüqi nişanlanma xəttini keçib və əks istiqamətdə hərəkət zolağına daxil olub.

Məhkəmə materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxsin hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da, o, bunu etməyib. Nəticədə “Hollywood” şadlıq sarayının yaxınlığında qarşı istiqamətdə hərəkətdə olan digər avtomobillə toqquşma baş verib. Qəza zamanı Namik Məmmədovun idarə etdiyi avtomobil qarşıdan gələn, etibarnamə əsasında zərərçəkmiş S.S. (adı, soyadı şəridir) tərəfindən idarə olunan “Opel Zafira” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Opel Zafira”nın sürücüsü müxtəlif xəsarətlər alıb. Avtomobildə sərnişin kimi olan digər zərərçəkmiş R.R.-in (adı, soyadı şərtidir) də xəsarət aldığı müəyyən edilib.

Beləliklə, məhkəmə materiallarına əsasən, Namik Məmmədovun sərxoş vəziyyətdə yüksək sürətlə avtomobil idarə etməsi və yol hərəkəti qaydalarını pozması nəticəsində iki şəxsin sağlamlığına az ağır zərər vurulub.


Geri qayıt