Əsas Səhifə > Güney Press > Böyürtkən yığan qadınlara cərimə şoku:

Böyürtkən yığan qadınlara cərimə şoku:


Bu gün, 16:11

Yol kənarında təbii şəraitdə bitən böyürtkən kollarından giləmeyvə toplayan qadınların cərimə olunduğu bildirilir. Xəbərin nə dərəcədə səhih olduğu məlum deyil. Amma xatırladaq ki, bir neçə il əvvəl Nazirlər Kabineti meşələrdə giləmeyvə toplanmasını qadağan edən qərar qəbul etmişdi.

Kənd camaatının meşədən, yol, çay kənarında bitən ağac və kollardan meyvə və giləmeyvə toplaması adi haldır. Kənd camaatının ruzisi elə meşədən, çaydan, yol və çay kənarındandır. Bunu qadağan etmək, cərimə kəsmək hansı məntiqə uyğundur? Meyvə çürüyüb yerə tökülsə yaxşıdır, yoxsa kasıb camaat onu vaxtında toplayıb ailəsinə, balasına yedirtsə, mürəbbə, cem hazırlayıb qışa az-çox tədarük görsə?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, vətəndaşa, hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsindən hər hansı faydalı qazıntı aşkarlandığı və ya çıxarıldığı təqdirdə belə, bunun dövlətə məxsus olması ilə bağlı Mülki Məcəllədə müvafiq müddəalar var: “Amma burada ilk növbədə bir neçə məsələni müəyyənləşdirmək lazımdır ki, zərər varmı, varsa, bu zərər nə ilə ölçülür, zərərçəkmiş kimdir və dəymiş zərərin məbləği nə qədərdir? Dövlətin zərərçəkmiş tərəf kimi çıxış etməsi üçün həmin ərazidə faydalı qazıntıların toplanılmasının qadağan edildiyi barədə əvvəlcədən müvafiq xəbərdaredici və məlumatlandırıcı nişanlar olmalı, vətəndaşlara bu barədə məlumat verilməlidir”.

Vəkil bildirib ki, cərimə edilən vətəndaşlar məhkəməyə müraciət edə bilər. Hələ yaxşı ki, qadınlar yerdən mazut çıxarmayıb.

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında məsələni belə izah etdi:

- Nazirlər Kabinetinin bir qərarı olmuşdu; əgər meşə fonduna aid olan ağacdan yerə düşən yarpağı kimsə toplasa, hər yarpağa görə 20 qəpik ödəniş etməlidir. Bu absurd qərar sonradan ləğv edildi. Çünki böyük narazılığa səbəb olmuşdu, ölkədən kənara da çıxmışdı bu qərar haqqında xəbər. Kim, hansı qurum səbəb olmuşdusa belə bir absurd qərarın qəbuluna, sonra başa düşdülər ki, absurddur, gülüncdür, ləğv etdilər. Ümumiyyətlə, meyvə və giləmeyvə faydalı qazıntı qismindədirmi, bunu da ayırd etmək lazımdır. Qanunvericilikdə qeyd olunur ki, meşə fonduna daxil olmayan yaşıllıqlara; xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar, əkinlər, ümumi istifadədə olan yaşıllıqlar - park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar, məhdud istifadəli yaşıllıqlar - məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisindəki yaşıllıqlar, xüsusi təyinatlı yaşıllıqlar, sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin, magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər, şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri, xiyabanlar və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar. Amma meşə fondu üzərində mülkiyyət dövlətə mənsubdur. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrsə məhkəmə qaydasında həll edilir. Yəni, burada böyürtkən yığılmasına görə cərimə deyilən bir hal yoxdur. Yol, çay kənarları və sair yuxarıda sadalanan ərazilər meşə fonduna daxil olmadığına görə, vətəndaşlar bu ərazilərdən meyvə və giləmeyvə toplaya bilər.

R. Qarayev bildirdi ki, məlumatın “rayonların birində” şəklində təqdim edilməsi, informasiyanın köhnəliyi şübhəsi yaradır:

- Hadisə hansı rayonda baş verib, niyə fakt açıq şəkildə bildirilmir? Bu, məndə belə bir şübhə yaradır ki, xəbər köhnədir, sadəcə, yenidən dövriyyəyə buraxılıb. Şəxsən mən yaşadığım rayonda böyürtkən, ya başqa bir meyvənin yol kənarında bitən koldan toplanmasına görə kiminsə cərimə edildiyini görməmişəm, eşitməmişəm.


Geri qayıt