Əsas Səhifə > Güney Press > “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir”

“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir”


Bu gün, 16:06

Ermənistanda parlamentdə Avrasiya İqtisadi İttifaqı ilə bağlı komissiyaya hakim qüvvənin rəhbərlik etməsi, Avropa İttifaqı ilə bağlı istiqamətin isə müxalifətə həvalə olunması ölkənin xarici siyasət prioritetləri ətrafında yeni müzakirələrə səbəb olub.

Bu addımın İrəvanın Moskva ilə münasibətlərini yenidən tənzimləmək cəhdi kimi qiymətləndirənlər də var, bunu yalnız praqmatik siyasi yanaşma hesab edənlər də.

Maraqlıdır, Ermənistan hakimiyyətinin bu addımları İrəvanın xarici siyasətində strateji kurs dəyişikliyindən xəbər verir, yoxsa Paşinyan hökuməti hələ də Rusiya ilə Qərb arasında balans siyasətini qorumağa çalışır?

Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Aydın Quliyev açıqlama verib.

Siyasi şərhçi bildirib ki, şübhə yoxdur ki, Ermənistan xarici siyasət strategiyasını müəyyənləşdirmək baxımından keçid nöqtəsindədir:

"Ermənistanın Rusiya, Qərb və region ölkələri ilə münasibətlərini yenidən qurmaq cəhdi göz qabağındadır. Təbii ki, Ermənistan Azərbaycanla münasibətlərini də 30 illik işğal və təcavüz dövründən fərqli olaraq, tamamilə yeni prinsiplər əsasında qurmaq istəyir.

Bu istiqamətlər üzrə Ermənistanın hazırkı hakimiyyətinin məqsədləri kifayət qədər aydın şəkildə ifadə olunub. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub və hazırda həmin təşkilata qayıtmaq niyyətində deyil.

Avrasiya İqtisadi Birliyi ilə bağlı mövqe isə bundan ibarətdir ki, Ermənistan hələlik Aİİ-nin imkanlarından bəhrələnməkdə davam edir və təşkilatdan çıxıb-çıxmamaqla bağlı konkret mövqe ortaya qoymur. Bu, Ermənistan siyasətinin hazırda açıq şəkildə görünən tərəflərindən biridir.

Avropa İttifaqı ilə bağlı isə Ermənistan daha konkret mövqe ortaya qoyub. Hətta bu ilin əvvəlində Ermənistanda Avropa İttifaqına inteqrasiya ilə bağlı dövlət qanunu qəbul olunub. Beləliklə, Avropa İttifaqı ilə bağlı məsələ daha da konkretləşib. Ermənistan artıq Avropa İttifaqına inteqrasiya olunmaq məsələsini dövlət qanunu səviyyəsində təsbit edib".

Aydın Quliyev vurğulayıb ki, Avrasiya İqtisadi Birliyi ilə bağlı isə Rusiya Ermənistanı referendum keçirməyə nə qədər məcbur etməyə çalışsa da, Ermənistan hələlik belə bir addım atmaq istəmir:

"Çünki Ermənistanda yaxşı başa düşürlər ki, referendumun hansı nəticə ilə yekunlaşmasından asılı olmayaraq, ölkənin hazırkı hakimiyyəti ciddi çətinliklərlə üzləşə bilər. Əgər referendum Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması ilə bağlı qərar verərsə, bu halda Ermənistan üçün bir sıra çətinliklər yaranacaq.

Əgər əksinə, təşkilatdan çıxmamaq qərarı verilərsə, onda da Ermənistan üçün başqa xarakterli çətinliklər meydana çıxacaq. Bir növ, Ermənistan rəhbərliyi Avrasiya İqtisadi Birliyi məsələsində Putinin planlarına zidd olaraq, indiki şəraitdə konkret mövqeyini ortaya qoymaq istəmir. Fikrimcə, bu, Paşinyanın düzgün yanaşmasıdır.

Ona görə ki, Avrasiya İqtisadi Birliyi ilə bağlı referendum keçiriləcəyi təqdirdə, hər iki mümkün cavab Paşinyanı iki yolun başlanğıcında və böyük çətinlik qarşısında qoya bilər. Amma bu gün parlamentdə bir-birinə zidd olan iki birliklə əlaqədar komitələrin iqtidar və müxalifət deputatları arasında bölüşdürülməsi məsələnin mahiyyətini dəyişmir.

Ola bilər ki, bu addım kimlərəsə Ermənistanın xarici siyasətdə Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında balans yaratmaq cəhdi kimi görünsün. Lakin belə bir balans yaratmaq cəhdinin uzaq perspektivdə mümkün olması real görünmür.

Ən azı Putin kimi təcrübəli siyasətçini bu cür gedişlərlə Ermənistanın balans yaratmaq cəhdinə inandırmaq mümkün deyil. Ona görə də biz məsələnin formal tərəfinə deyil, mahiyyətinə varmalıyıq.

Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, Ermənistanda parlamentdə komitələrin necə bölüşdürülməsindən asılı olmayaraq, Ermənistan Avropa İttifaqı ilə inteqrasiyanı artıq qanuniləşdirib.

Bu isə o deməkdir ki, Ermənistan nə vaxtsa Avrasiya İqtisadi Birliyindən çıxmaq və Avropaya inteqrasiya olmaq istiqamətində konkret addımlar atmağa başlayacaq. Bunun Ermənistan üçün, eləcə də Ermənistanın siyasi hakimiyyəti üçün hansı nəticələri doğuracağı isə gələcəyin işidir".


Geri qayıt