Əsas Səhifə > Güney Press > Xəzər hərbləşdirilir

Xəzər hərbləşdirilir


Bu gün, 15:27

Rusiya ABŞ və İsrailin zərbələrindən sonra İranın hərbi ehtiyatlarını bərpa etməsinə kömək etmək üçün ölkəyə trotil, sursat və pilotsuz uçuş aparatları üçün komponentlər göndərir.

Modern.az xəbər verir ki, bu barədə NBC News Avropa hökumətinə məxsus sənədə və məlumatı təsdiqləyən Qərb rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, hərbi təyinatlı yüklər Xəzər dənizi vasitəsilə Rusiya limanlarından İrana daşınır. Sənəddə göndərilən məhsullar arasında trinitrotoluol (TNT) tipli partlayıcı maddələr, müxtəlif sursatlar və dron komponentləri göstərilir. Bu materialların İranın ABŞ və İsrailin zərbələri nəticəsində zəifləyən hərbi potensialının yenidən formalaşdırılmasına xidmət etdiyi bildirilir.

Hərbi dəstək üçün Xəzər dənizi marşrutunun seçilməsi də diqqət çəkir. Rusiya və İranın hərbi yükləri birbaşa dəniz yolu ilə nəql etməsinə imkan verən bu marşrut Qərb hərbi-dəniz qüvvələrinin müdaxilə imkanlarının məhdudluğu ilə seçilir. Xəzər dənizinə Rusiya və İrandan başqa Qazaxıstan, Türkmənistan və Azərbaycan sahildir.

NBC-nin istinad etdiyi sənədə görə, bu tədarük İranın müharibə zamanı itirdiyi və ya zərər görən silah və dron ehtiyatlarını yenidən toplamasına hesablanıb. İranın pilotsuz uçuş aparatları proqramı, xüsusilə “Şahed” tipli dronlar, son illərdə ölkənin əsas hərbi imkanlarından birinə çevrilib.

Məlumatda həmçinin bildirilir ki, mart ayında İsrail İranın Xəzər sahilində yerləşən Bandar-Ənzəli liman kompleksinə zərbələr endirib. İsrail tərəfi həmin obyektin Rusiyadan silah daşınması üçün istifadə edildiyini iddia edib. Buna baxmayaraq, tədarük marşrutunun sonradan yenidən fəaliyyətə başladığı bildirilir.

Bu iddialar Rusiya ilə İran arasında son illərdə dərinləşən hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Əvvəllər hərbi əməkdaşlıq çərçivəsində əsasən İrandan Rusiyaya dron və digər hərbi texnologiyaların tədarükü diqqət mərkəzində idisə, hazırkı məlumatlar Moskvanın Tehranın hərbi ehtiyatlarının bərpasında daha fəal rol oynadığını göstərir.


Geri qayıt