Əsas Səhifə > Güney Press > Qarabağ onları ÇALXALADI
Qarabağ onları ÇALXALADIBu gün, 14:48 |
|
Rusiya informasiya məkanında Azərbaycana qarşı son dövrlər səsləndirilən təhqiramiz, təhdid xarakterli və açıq-aşkar aqressiv fikirlər yenidən gündəmə gəlib. Ayrı-ayrı rusiyalı media nümayəndələri, politoloqlar və ekspertlərin Azərbaycan dövlətini, xalqını və ölkə rəhbərliyini hədəf alan açıqlamaları artıq adi siyasi polemika çərçivəsindən çıxaraq ciddi narahatlıq doğuran həddə çatır. Xüsusilə postsovet məkanına və müstəqil dövlətlərin suverenliyinə şübhə yaradan bəyanatlar diqqət çəkir. Rusiyalı politoloq və media eksperti Semyon Uralovun 1991-ci ilə qədər SSRİ ərazisində doğulmuş şəxslərin Rusiya yurisdiksiyasına tabe olması barədə iddiası da bu baxımdan geniş müzakirələrə səbəb olub. Bəs Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı ritorikanın sərtləşməsinin səbəbi nədir? Bu, ayrı-ayrı şəxslərin mövqeyidir, yoxsa daha geniş siyasi-informasiya prosesinin göstəricisidir? Azərbaycan Mətbuat Şurası da məsələ ilə bağlı sərt mövqe ortaya qoyub və Rusiya informasiya məkanında bu cür materialların sistemli şəkildə yayılmasına etiraz edib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü, siyasi şərhçi Vüqar Zifəroğlu mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycan artıq Rusiyanın Cənubi Qafqazdakı əvvəlki təsir mexanizmlərinə sığmayan, müstəqil regional güc mərkəzinə çevrilib. Bakı öz xarici siyasətini yalnız milli maraqlar üzərində qurur. Türkiyə ilə strateji müttəfiqlik, Avropa ilə enerji əməkdaşlığı, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi, Orta Dəhlizin inkişafı və Çinlə artan münasibətlər Azərbaycanın geosiyasi çəkisini artırır. Təbii ki, bütün bunlar Rusiyanın regiondakı ənənəvi təsir imkanlarını məhdudlaşdırır. Digər mühüm faktor Qarabağ məsələsidir. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Rusiyanın uzun illər regionda əsas təsir alətlərindən biri olan Qarabağ faktoru artıq mövcud deyil. Buna görə də Qarabağ mövzusunun Rusiya mediasında zaman-zaman yenidən gündəmə gətirilməsi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ya tarixi reallıqları təhrif edən materialların yayılması siyasi baxımdan təsadüfi deyil və diqqətlə izlənilməlidir”. Siyasi şərhçi qeyd edib ki, Zəngəzur və Orta Dəhliz məsələsi də çox ciddi geosiyasi amildir: “Azərbaycanın Şərq-Qərb nəqliyyat xəttində rolunun artması Türkiyə və Mərkəzi Asiya ilə əlaqələrin güclənməsi deməkdir. Bu isə Rusiyanın Cənubi Qafqaz və ümumilikdə region üzərindəki ənənəvi nəqliyyat və geosiyasi üstünlüklərinin zəifləməsi anlamına gəlir. Ona görə də Azərbaycanın regional layihələri haqqında Rusiya informasiya məkanında neqativ narrativlərin artması təsadüfi görünmür. Digər tərəfdən, son bir ildə yaşanan diplomatik böhran qarşılıqlı etimadı ciddi şəkildə sarsıtdı. Bu hadisələrdən sonra Rusiya mediasının müəyyən hissəsində Azərbaycana qarşı daha aqressiv ritorikanın meydana çıxması münasibətlərdəki psixoloji gərginliyin informasiya sahəsinə keçdiyini göstərir. Hazırda Rusiya mediasında ölkəmizə qarşı aparılan kampaniya klassik informasiya müharibəsi və narrativ mübarizəsi metodudur. Xüsusilə Azərbaycan dövlətinin, milli-mənəvi dəyərlərinin və görkəmli şəxsiyyətlərinin hədəfə çevrilməsi artıq adi media tənqidi çərçivəsindən kənara çıxır. Bu məsələ artıq yalnız jurnalist etikası məsələsi deyil. Əgər bu cür materiallar sistemli xarakter alırsa, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyə hesablanmış informasiya-siyasi kampaniyası kimi nəzərdən keçirilməlidir. Əsas səbəb isə Azərbaycanın regiondakı çəkisinin və müstəqil siyasi davranış imkanlarının artması, Rusiyanın Cənubi Qafqazda dominant mövqeyinin zəifləməsidir. Bu geosiyasi transformasiya dərinləşdikcə informasiya müstəvisində qarşıdurmanın da davam etməsi mümkündür”. Geri qayıt |