Əsas Səhifə > Güney Press > Tiflisdən Qarabağ açıqlaması:

Tiflisdən Qarabağ açıqlaması:


Bu gün, 16:35

“Agentlərə tapşırıq verilib, onlar da cəmiyyətə yavaş-yavaş bu “mesaj”ı yeritməyə çalışırlar ki, ərazilərimizdən imtina etməliyik”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiyanın Abxaziya ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Gürcüstan paytaxtının meri bildirib ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı müxalifət tərəfindən dövlət əleyhinə açıqlamalar və yanlış müqayisələr edilir:

“Ümumiyyətlə, Paşinyana heyranlıq göstərilməsi və bizim problemimizlə bağlı onun nümunə kimi gətirilməsi daha ağır məsələdir. Söhbət Paşinyanın “münaqişəni həll etməsi” ilə bağlı idi. Qvaramiya Qarabağın təhvil verildiyini deyirdi. Təsəvvür edə bilmirəm, necə belə müqayisələr apara və öz ölkəni sevməyə bilərsən? Bunlar tamamilə fərqli iki mövzudur və hər bir gürcü üçün əziz və çox mühüm olan ölkəmizin ərazi bütövlüyü problemi ilə bağlı Paşinyan nümunəsini, Paşinyana heyranlığı niyə ortaya atmalısan?! Amma agentin taleyi belədir, tapşırıq verilib və yavaş-yavaş cəmiyyətə bu “mesaj”ı yeritməyə çalışırlar ki, ərazilərimizdən imtina etməliyik. Bunlar xəyanətkar, düşmənçilik xarakterli açıqlamalar və tarixi təhrif etmək cəhdidir. Cəmiyyətə reallığı və mövcud çağırışları yenidən yanlış şəkildə təqdim etmək cəhdidir”.

Müxalifət alyansının liderlərindən biri Nika Qvaramiya bundan əvvəl “Formula” telekanalının efirində bildirmişdi:

“Paşinyana ona görə heyranam ki, o, travmaların öhdəsindən gəlməyi bacardı. Bu, Qarabağın təhvil verilməsi idi, elə deyilmi? Müharibə oldu, ardınca (müharibədə uduzduqdan sonra - red.) Ermənistan bəyan etdi ki, “məni bundan xilas edin, aparın”.

Xatırladaq ki, Ermənistan Nikol Paşinyan 44 günlük müharibə zamanı və ora qədər Qarabağın Azərbaycana məxsus olduğunu bildirməyib. Müharibədən təxminən iki il sonra Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, çox sonralar da bunun “Ermənistan üzərində yük” olduğunu bəyan edib. Ona qədər isə məsələyə Ermənistan dövlətinin işğalçı-separatçı konsepsiyası çərçivəsində baxıb. Bu mövqeyin dəyişib-dəyişmədiyi isə Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan Konstitusiyasınında dəyişiklik edilib-edilməyəcəyi ilə məlum olacaq. Bu, yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir.

Müharibə isə Nikol Paşinyanın “Qarabağ Ermənistandır” təxribatına və ora qədər 30 il davam edən işğala Azərbaycanın ən haqlı reaksiyası idi. Bu, Qarabağın Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi prosesi yox, Ermənistanın davam edən işğalının və diplomatik həll prosesindən boyun qaçırmasının doğurduğu nəticəydi. Yekunda da Azərbaycan işğal edilmiş ərazilərini və ərazi bütövlüyünü bərpa etdi.


Geri qayıt