Əsas Səhifə > Güney Press > Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi

Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi


Bu gün, 13:05

Rayonlardan birində təbii şəraitdə bitən böyürtkənləri yığan qadınların cərimələnməsi sosial mediada müzakirələrə səbəb olub. Bir qisim bunun qanun pozuntusu olduğunu bildirir, digər qisim isə təbiətdə onsuz da çürüyərək məhv olan məhsulun sakinlər tərəfindən yığılmasını normal hesab edir.

Bəs qanunvericilikdə yabanı meyvə və giləmeyvələrin, o cümlədən böyürtkənin yığılması ilə bağlı hansı tələblər var? Bu məhdudiyyətin tətbiqinin hüquqi və ekoloji əsasları nədən ibarətdir?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, vətəndaşa, hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsindən hər hansı faydalı qazıntı aşkarlandığı və ya çıxarıldığı təqdirdə belə, bunun dövlətə məxsus olması ilə bağlı Mülki Məcəllədə müvafiq müddəalar var:

“Amma burada ilk növbədə bir neçə məsələni müəyyənləşdirmək lazımdır ki, zərər varmı, varsa, bu zərər nə ilə ölçülür, zərərçəkmiş kimdir və dəymiş zərərin məbləği nə qədərdir? Dövlətin zərərçəkmiş tərəf kimi çıxış etməsi üçün həmin ərazidə faydalı qazıntıların toplanılmasının qadağan edildiyi barədə əvvəlcədən müvafiq xəbərdaredici və məlumatlandırıcı nişanlar olmalı, vətəndaşlara bu barədə məlumat verilməlidir”.

ramil suleymanov 900x600 3

Ramil Süleymanov

Vətəndaşların hansısa ərazidən bitki və digər təbii məhsullar toplamasına gəldikdə isə, vəkil bildirib ki, bununla bağlı tətbiq edilən cərimələrin hansı hüquqi əsasla, hansı normaya istinad edilərək yazıldığına baxmaq lazımdır:

“Hesab edirəm ki, bu yanaşma müəyyən mənada absurddur. Burada hər hansı dövlət əmlakının talanmasından söhbət gedə bilməz. Ona görə də vətəndaşlar onlara tətbiq edilmiş cərimə ilə bağlı məhkəməyə müraciət etməklə həmin qərarın ləğvinə nail ola bilərlər. Əlbəttə, mümkündür ki, cərimənin tətbiq olunmasının səbəbi tamamilə başqa hal olsun. Məsələn, bəzi hallarda vətəndaşın saxlanılması, saxlanılma zamanı hər hansı tələblərə tabe olmaması və ya digər səbəblərlə bağlı əlavə protokol və cərimələr tətbiq oluna bilər. Buna görə də konkret halda cərimənin hansı əsasla yazıldığını araşdırmaq vacibdir”.


Geri qayıt