|
Bu ilin ilk 7 ayında Azərbaycan xarici ölkələrə 8 milyard 32,9 milyon dollar dəyərində 12 milyon 722,6 min ton xam neft və xam neft məhsulları ixrac edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta statistik dəyəri təxminən 631 dollar, 1 barelinin orta qiyməti isə 89,7 dollar təşkil edib. Xam neft miqdar baxımından ən çox İtaliyaya – 7 milyon 473,4 min ton, ən az isə İsveçrəyə – 272,5 min ton ixrac olunub. Statistik dəyər baxımından da ən böyük ixrac həcmi İtaliyaya – 4 milyard 560,7 milyon dollar, ən aşağı göstərici isə Yunanıstana – 182,8 milyon dollar qeydə alınıb. Xam neft 1 barel üzrə ən baha qiymətə Hindistana – 108,8 dollar, ən ucuz qiymətə isə Portuqaliyaya – 79,8 dollar satılıb. İxrac olunan xam neftin əsas hissəsi İtaliyanın payına düşüb. İtaliyaya ixracın həcmi ümumi ixracın təxminən 58,7 faizini təşkil edib. Onu da bildirək ki, Dövlət Gömrük Komitəsi əvvəlki illərdən fərqli olaraq son aylarda daha az miqdarda neft ixrac olunan ölkələrin adlarını hesabatda qeyd etmir. Bu ölkələrin arasında Türkiyə, İndoneziya, Xorvatiya, Tayvan, Tailand yer alır.

Geri qayıt
|