Əsas Səhifə > Güney Press > Allahı sonradan tanıya bildim...
Allahı sonradan tanıya bildim...Bu gün, 06:54 |
|
On ilə yaxın namaz qılmışam.
Düz səkkiz yaşımdan on səkkizə kimi indi sadəcə varlığı ilə barışdığım ilahi qüvvə ilə hər gün söhbət edir, dua edib yalvarırdım.
Ondan qorxurdum. Hətta məni heç kim görməyəndə də elə bilirdim, o baxır.
Bəzən mənə elə gəlirdi ki, ondan hədsiz çox şey istəyirəm. "Valideynlərimi qoru", "Atamın işini avand elə", "Sabahkı testdən uğurla keçim", "Evimiz tez tikilsin".
Atam tez-tez deyirdi ki, Allah bəzən bizi çətinliklə sınağa çəkir. Əsas məsələ o çətinlikdən inanaraq çıxmağındır. Bizə velosiped almağa pulu yox idi, amma biz yenə də inanırdıq ki, bu bir sınaqdır və haçansa bizim də velosipedimiz olacaq.
...On səkkiz yaşımda qardaşımı itirdim. İlk dəfə həmin vaxt Allahla aramız dəydi.
O vaxta kimi bütün çətinlik və məhrumiyyətlərə sınaq kimi baxırdımsa, on beş yaşlı uşağın ağrılar içində can verməsinə heç cür sınaq deyib keçə bilmirdim.
Son futbol oyunumuzda topu bir kənara vurub yerə çöməlmişdi. Təngnəfəs idi, ürəyi möhkəm döyünürdü. Amma tez də toparlanıb ayağa qalxmışdı:
- Mamaya demə...
Mən də deməmişdim. Hələ üstəlik topu əyri vurub qonşunun həyətinə salanda üstünə çımxırmışdım da.
Heç son dəfə görməyim də alınmamışdı. Məni aldatmışdılar ki, guya müalicəsi yekunlaşıb və rayona göndəriblər.
Təzə qazılmış məzarın içində əl-qol açıb oynayan babama, üstünə tezbazar qardaşımın adı cızma-qara edilmiş kərpici qucaqlayan dayıma baxandan sonra Allaha əvvəlki kimi bağlı qala bilmirdim.
Əvvəl sınaq adlandırdığım bütün keçmiş çətinliklər gözümdə ölçü dəyişmişdi.
Böyüdüyümüz yarıtikili, soyuqdan donmayaq deyə üst-üstə geyindiyimiz corablar, atama yığan borc yiyələrinə daha sınaq kimi baxa bilmirdim.
Sınaq öz yerini yavaş-yavaş varlı və kasıb insanlara, zülm edənlər və zülmə məruz qalanlara verirdi.
"Allah niyə Qəzzada uşaqların ölməsinə, Tərtərdəki işgəncələrə, zalımların genə-bol kef çəkməsinə göz yumur?" sualına cavabım sınaq dünyası və vəd olunmuş cənnət olmurdu.
Mən yenə onun varlığını qəbul edirdim. Amma daha mənə görə müqəddəs və ədalətli yox, zülmə səssiz qalan müşahidəçi idi.
Ramazan Tağıyev - "DİA-AZ"
Geri qayıt |