Əsas Səhifə > Güney Press > Alim Qasımov 70 yaşın bir addımlığında:

Alim Qasımov 70 yaşın bir addımlığında:


Bu gün, 13:43

“Doğum günümü, 69 yaşımı ailəmlə birlikdə Bakıda, Aşağı Güzdək kəndindəki evimdə qeyd edirəm. Gələn il inşallah ki, 70 illik yubileyimdir. Ölməsəm qalsam nəsə edəcəklər. Əsas sağlıqdır. Ya qismət. Bu artıq məndən asılı deyil. Bu həyatda sənətkara yalnız can sağlığı, bir də tamaşaçı sevgisi qalır. Allah bu sevgini bizə çox görməsin”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Alim Qasımov deyib.

O daha sonra heç bir arzusunun olmadığını, bütün arzularının həyata keçdiyini bildirib:

“Bütün dünyanı gəzmişəm, arzularıma çatmışam. Məndən soruşsanız ki, nə arzun var? Cavabında deyərəm ki, heç bir arzum yoxdur. Çünki indiyə qədər qazandıqlarım arzularımdan da çox olub. Ona görə də arzularımı cilovlayıram. Bu qədərini arzulamamışdım. Allah məni çox sevir. Bir arzum budur ki, Allah ömrümün axırını da müsəlman kimi yaşayıb, dünyadan köçməyi nəsib etsin” deyə o bildirib.

Sənətkarın gənc sənətçilərlə bağlı arzuları çoxdur:

“Özünüz də görürsünüz ki, muğam sənətinə dövlətimiz böyük diqqət və qayğı göstərir. Muğam ocaqları yaranır, yeni gənc nəsil üzə çıxır. Muğama böyük axın var. İstedadlı gənclərə meydan vermək lazımdır. Meydanda istedadlı insanlar olmalıdır. Biz də hər zaman onlara dəstəyik. Mən bu gün də dayanmıram. Yeni-yeni mahnılar da yazdırıram, çalışıram. Yay olmasına baxmayaraq həm istirahət edirəm, həm də düşünürəm ki, tamaşaçılarım üçün nə yeniliklər edim? Sənətkar hər zaman bunu düşünür. Bəzən etdiklərim qınanılır.. Amma buna da normal baxıram. Mənim geriyə baxan yaşım artıq çoxdan keçib. Yalnız irəli” deyə sənətkar bildirib.


Geri qayıt