Əsas Səhifə > Güney Press > Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı

Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı


Bu gün, 12:39

Lənkəranda ədəbiyyat və yaradıcılıq mühitinin inkişafına xidmət edəcək yeni platforma – “YAZAR” Ədəbi Məclisi təsis olunub.

Qaynarinfo-nun verdiyi xəbərə görə, təsis iclasında 22 nəfər iştirak edib. Toplantıda Məclisin yaradılması, fəaliyyət prinsipləri və Nizamnaməsi müzakirəyə çıxarılıb, həmçinin idarəetmə strukturu formalaşdırılıb.

Bildirilib ki, “YAZAR” Ədəbi Məclisinin əsas məqsədi yaradıcı insanları bir araya gətirmək, sağlam ədəbi müzakirələr təşkil etmək, yeni istedadların üzə çıxarılmasına və xüsusilə gənc müəlliflərin inkişafına dəstək verməkdir. Məclis eyni zamanda Azərbaycan ədəbi dilinin qorunması, milli ədəbi irsin təbliği və bölgələrdə ədəbi mühitin canlandırılmasını fəaliyyətinin əsas istiqamətləri sırasında müəyyənləşdirib.

Təsis iclasında Məclisin Nizamnaməsi müzakirə edilərək qəbul olunub. Sənəddə poeziya, nəsr, dramaturgiya, publisistika, esseistika, ədəbi tənqid və uşaq ədəbiyyatı üzrə görüş və müzakirələrin keçirilməsi, gənc qələm sahibləri ilə iş, ustad-şagird ənənəsinin təşviqi, eləcə də müxtəlif ədəbi-mədəni qurumlarla əməkdaşlıq nəzərdə tutulub.

Müzakirələrdən sonra “YAZAR” Ədəbi Məclisinin yaradılması səsverməyə çıxarılıb və toplantıda iştirak edən 22 nəfərin hamısı təşəbbüsün lehinə səs verib.

İclasda Məclisin beş nəfərdən ibarət İdarə Heyəti də seçilib. İdarə Heyətinə Şəfahət Şəfi, Hacı Etibar Əhədov, İntiqam Hacılı, Salman Kərimov İlkin Əsədzadə daxil olublar.

Səsvermənin nəticəsinə əsasən, yazıçı, dramaturq və ssenarist Şəfahət Şəfi “YAZAR” Ədəbi Məclisinin sədri, Aytəkin Ağazadə isə katibi seçilib.

Məclisin gələcək fəaliyyətində ədəbi görüşlərin, kitab və əsər təqdimatlarının, yaradıcılıq gecələrinin, müsabiqələrin, seminar və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. Ədəbi müzakirələrdə əsas prinsiplərdən biri tənqidin müəllifin şəxsiyyətinə deyil, təqdim olunan əsərə yönəlməsi və fikir mübadiləsinin qarşılıqlı hörmət çərçivəsində aparılmasıdır.

“YAZAR”ın müxtəlif bölgələrdə fəaliyyət göstərən ədəbi birliklər, kitabxanalar, təhsil və mədəniyyət müəssisələri ilə əməkdaşlıq etməsi də planlaşdırılır.


Geri qayıt