Əsas Səhifə > Güney Press > Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir
Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidirBu gün, 18:02 |
|
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bildirilib ki, tərəflərin nikahı pozulduqda əgər ata iddiaçının valideynlik hüquqlarından məhrum olunması barədə tələbini qəbul edib, bunun müqabilində qarşı tərəfin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyi ilə razılaşdığı halda, məhkəmə yenə də atanın aliment ödəməsini məcburi sayacaq. Hətta tərəflərdən biri valideynlik hüququndan imtina etsə belə və məhkəmə bu barədə qərar versə də, aliment ödəmək hüququ qüvvədə qalacaq. Ali Məhkəmənin mövqeyi budur ki, hər hansı bir şəxsin hüquqları və qanunla qorunan mənafeyi pozulursa, məhkəmə belə hərəkətləri qəbul etmir. Atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, məhkəmə iddianı qəbul etmir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında məhkəmə Kollegiyasının doğru qərar verdiyini bildirdi: - Burada uşağın mənafeyi əsas götürülür və bu, ən doğru qərardır. Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir. Valideynlik hüququndan imtina uşağın sosial müafiəsini zəiflətməməlidir. İstər ata olsun, istər ana, uşağın maddi rifahı əsas götürülməlidir. İki şəxs övladlarının mənəvi zərbə alacağını düşünmürlər, boşanırlar, halbuki dövlət uzun illərdir uşaqların ailələrə qaytarılması, ailə ortamında böyüməsi istiqamətində ciddi işlər aparır. Bu tərəfdə isə bir şəxs bəlkə də şəxsi ambisiyalarını önə çəkir və alimentdən də imtina edir, təki tərəflərdən biri valideynlik hüququndan imtina etsin. Bəs uşaq? Onun gələcəyi necə olacaq? Məhkəmənin açıqlamasından da, daxil edilən iş materiallarına baxanda da görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası belə bir rəy verib ki, valideynlik hüququndan məhrum edilmə uşağın mənafeyinə uyğun deyil. Bu baxımdan iddia uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməzdi. Məhkəmə Kollegiyası da doğru qərar verib. Geri qayıt |