|

Millət vəkili Hikmət Babaoğlu özünün facebook səhifəsində birmənalı qarşılanmayan status paylaşıb.
KONKRET.az həmin statusu təqdim edir:
 Əməkdar jurnalist Fadil Paşayev deputatı bu yazısına görə qınayıb:
“Məncə, bu, lap ağ oldu. Tam ciddi deyirəm. Milli Məclisin deputatı Hikmət Babaoğlunun sosial şəbəkədə paylaşdığı “Sinəsindən Arpa çayı, ətəyindən TRİPP keçər. Yaşasın Dəmiryumruq” ifadəsini başqa cür necə yozmaq olar? Sizcə, millət vəkili niyə Naxçıvan məsələsini belə şəkildə şərh eləsin ki? Axı onun bu “dahiyanə” statusu məzəli və ya istehzalı kontekstdə başa düşülür! Çünki bunu sıravi sosial şəbəkə istifadəçisi deyil, hakim partiyanı təmsil edən bir millət vəkili edir.
Paradoks ondadır ki, iqtidarı təmsil edən bir siyasətçinin paylaşımı nəticə etibarilə elə siyasi simvollarımıza ironik münasibət kimi görünür. Sizə elə gəlmir? Bəlkə mən yanılıram? Əgər yanılırımsa, nədə? Naxçıvanda həyata keçirilən layihələrə, ordan verilən mühüm mesajlara “Ətəyindən TRİPP keçər, yaşasın Dəmiryumruq” kimi şərhmi verilir? Deyəsən, mənim başım “qaçıb”. Hikmətin “hikmətindən” heç nə anlamadım getdi. Bəlkə siz anlayasınız. Xahiş edirəm, əgər yanılmıramsa, məni bir başa salın, belə məsuliyyətsiz ifadələrlə həm siyasi mesajı, həm də ictimai etimadı zədələyən deputatı hansı cəza gözləyir?!
Bir də ki, ay camaat, ictimai xadimlərin hər sözü cəmiyyət tərəfindən diqqətlə izlənilir. Buna görə də sosial şəbəkələrdə yazılan hər cümlə təkcə şəxsi fikir deyil, həm də təmsil etdikləri siyasi institutun məsuliyyəti kimi qəbul edilir, deyilmi? Ona görə də mən YAP rəhbərliyindən, icra başçısı Tahir Budaqovdan bir sanballı reaksiya gözləyirəm. Qoy o, bizə bu hikməti başa salsın”.
YAP-ın fəal üzvlərindən biri, sosial şəbəkə istifadəçisi Xanım Qədirova da onu sərt tənqid edib:
“Siyasi paylaşımda poetik ifadə olar, amma coğrafiya və diplomatiya şeir deyil. TRIPP hələ reallaşmış və fəaliyyətə başlamış marşrut deyil ki, ‘ətəyindən keçir’ deyilsin. Üstəlik, TRIPP Naxçıvanın ‘ətəyindən keçən yol’ kimi yox, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək bağlantı layihəsi kimi təqdim olunub. ‘Dəmir yumruq’ ifadəsini də hər texniki və diplomatik məsələyə şüar kimi yapışdırmaq reallığı dəyişmir. Siyasi məsuliyyət emosional cümlə qurmaq yox, faktı dəqiq deməkdir.
Çox hörmətli Hikmət müəllim, məni blok edib aylarladır.. Gənclərə “diqqətindən” və “dəstəyindən” dolayı ona xüsusi təşəkkür edirəm…”.
Qeyd edək ki, millət vəkilinin bu statusu artıq geniş müzakirə olunur. Yəqin YAP rəhbərliyi bu məsələ barədə öz reaksiyasını bildirəcək.
Geri qayıt
|