Əsas Səhifə > Güney Press > 300 min azərbaycanlı Ermənistana kömək edə bilər

300 min azərbaycanlı Ermənistana kömək edə bilər


Bu gün, 16:43

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qərbi Azərbaycan və qərbi azərbaycanlıların qayıdışı” ilə bağlı ritorikanın dayandırılmasını istəməsi diqqət çəkib.

Onun bu istəyi nə qədər əsaslıdır və Azərbaycanda necə dəyərləndirilir?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması sülh konsepsiyasının tərkib hissəsidir:

“Bu gün Ermənistan və Azərbaycan xalqlarının sülhü qəbul etməsi istənilirsə, o zaman ən ədalətli komponent kimi, qərbi azərbaycanlıların öz torpaqlarında yaşaması təmin edilməlidir. Bu, həm dərin və genişmiqyaslı etimad mühiti yaradacaq, həm də sülhün davamlılığını zəruri edəcək. Azərbaycan dövləti Ermənistanda sosial mühitin və rifahın daha da yaxşılaşmasına, dərinləşməsinə şərait yaradacaq. Azərbaycan sülhün möhkəmlənməsi üçün çoxsaylı humanitar qayğılarını ortaya qoyacaq. Beləcə, qərbi azərbaycanlılar öz tarixi torpaqlarında həm ədaləti, həm də sülhün qorunması missiyasını təmin etmiş olacaqlar”.

Deputat qeyd edib ki, təxminən, 300 min azərbaycanlı öz dədə-baba yurdlarına qayıtsa, bu halda Ermənistan iqtisadiyyatı da böyüyəcək:

“Kommunikasiyalar yeni iqtisadi imkanlar yaradacaq. Bu gün Ermənistanda istehsal münasibətlərinə əmək qabiliyyətli insanların cəlb edilməsinə ehtiyac var. Hesab edirəm ki, Qərbi azərbaycanlılar həm də bunu yerinə yetirəcəklər.

Paşinyanın bu fikirləri şərt kimi qəbul edilə bilməz. Söhbət şərtdən gedirsə, şərtləri Azərbaycan diktə edir. Bizim diktə etdiyimiz şərt də ədalətli və beynəlxalq hüquqa uyğundur”.


Geri qayıt