Əsas Səhifə > Güney Press > Rusiyada qadınlar qan puluna yerikləyir

Rusiyada qadınlar qan puluna yerikləyir


Bu gün, 11:17

ABŞ-ın CNN kanalı Ukraynada işğalçı savaşa cəlb olunmuş Rusiya hərbi qulluqçularının qanı bahasına qazanc əldə edənlər barədə material hazırlayıb.

Novator.az-ın məlumatına görə, araşdırmada dövlətin Ukrayna döyüşlərində həlak olan hərbi qulluqçuların ailə üzvlərinə təzminat (qan pulu) verdiyi xatırladılır, bir çox xanımın həmin vəsaitə yiyələnmək üçün cəbhəyə yollanan hərbçilərlə nikaha girdiyi vurğulanır.

“Qara dullar” adı almış qadınlar barədə araşdırma CNN müxbirinin 37 yaşlı Mariya ilə söhbətindən başlayır: “Mariya 59 yaşlı atası Yurinin Ukraynada öldüyü xəbərini alanda ikiqat şok yaşayıb, atasının ordu sıralarına yazılmasından xəbərsizmiş, onu da bilmirmiş ki, atası cəbhəyə göndərilməzdən iki gün qabaq evlənibmiş.

Mariya hələ də baş verənləri qara yuxu sandığını deyir, Sankt-Peterburqdakı kiçik mənzilinin mətbəxində göz yaşını saxlaya bilmir: “Əvvəl-əvvəl sanki yuxu görürdüm. İndi də birdən o cür düşünürəm. Amma hər şey doğrudan baş verib axı”.

Mariyanın sözlərinə görə, heç vaxt görmədiyi, atasından bir dəfə də adını eşitmədiyi qadın onunla yaşıddır və indi atasının yeni həyat yoldaşı sayılır, qanuni varis statusunda dövlətin ödəyəcəyi kompensasiyanı almaq hüququ qazanıb: “Mən o qadınla danışmamışam. Ona nə deyim ki?! Bunun fırıldaqçılıq olduğu yaxşı bəllidir”.

Rusiya hərbçisi döyüşdə həlak olanda varisinə 5 milyon rubldan (64 min dollar) başlayan məbləğdə birdəfəlik ödəniş verilir. Son vaxtlar ödənişlərin fırıldaqçılıq yolu ilə mənimsəndiyinə dair narahatlıqlar artıb. Rusiya rəsmiləri və dövlət mediası belə kəmfürsətlərə “qara dullar” adı qoyub. İddialara görə, qadınlar müharibəyə yola salınmaq ərəfəsində olan kişiləri formal nikaha razı salır, “yeni ərləri” həlak olanda kompensasiya tələb etməklə əsl ailəni kənarda qoyur.

Son aylar əsgərliyə yollanan şəxslərin müxtəlif üsullarla nikaha cəlb olunması, hətta ölüm yatağında olan müharibə iştirakçılarının evləndirilməsi xəbərləri böyük qalmaqallara gətirib. Ötən il hərbi hospitalların birinin tibb bacısı qulluq elədiyi beş əsgərlə nikaha giribmiş. Məsələ üzə çıxanda tibb bacısı işdən çıxarılıb.

Bu cür hallar Rusiya cəmiyyətində həssas bir məsələyə çevrilib. Artan itkilər, iqtisadi vəziyyətin pisləşməsi, yanacaq çatışmazlığı və Ukraynanın Rusiya ərazisinə cavab zərbələrinin doğurduğu sarsıntılar fonunda fırıldaqçılara qarşı ictimai qınaq da güclənir, dövlət səviyyəsində sərt tədbirlərin görülməsi tələbləri artır. Parlamentin hakimiyyətə yaxın üzvü, Liberal Demokrat Partiyasının sədri Leonid Slutski “xüsusi hərbi əməliyyat” iştirakçılarının ailələrini “qara dul” qadınlardan qorumağa çağırıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynada geniş işğala başlayanda Kreml hərbçilər arasında evlənməyi fəal təşviq edib. Bu kampaniya çərçivəsində orduya yazılan hərbçilərdən ötrü nikahın rəsmiləşdirilməsi prosedurları da asanlaşdırılıb. Güman ki, məqsəd orduya ailə dəstəyini gücləndirmək, döyüşə əlavə stimul vermək olub.

İş o yerə çatıb ki, əsgərlə, xüsusilə tezliklə cəbhəyə göndəriləcək əsgərlə evlənmək reklam çarxında mənzil sahibi olmağın yolu kimi təbliğ edilib. 2025-ci ildə Tomsk şəhərində lentə alınmış videoda qadının “Otuz yaşım var, mənzil almaq üçün pulu haradan tapmalıyam” sualına başqa bir qadın – daşınmaz əmlak agenti gülərək belə cavab verir: “Çox sadə. “Xüsusi hərbi əməliyyat”da xidmət edən bir kişi tapırsan və o, cəbhədə öldürüləndə 8 milyon rubl alırsan”.

8 milyon rubl 102 min ABŞ dollarına bərabərdir… Videodakı hər iki qadın barəsində cinayət işi açılıb, onlar uzunmüddətli ictimai işlərə məhkum olunublar, əsgərlərdən, onların həyat yoldaşlarından üzr istəməyə məcbur ediliblər.

Ryazan vilayətindən olan rusiyalı əsgər Georgi Kostırko internetdə Ancelina Varyuxina ilə tanış olub və 10 gün sonra onunla evlənib, hərbi hissəyə qayıdıb. Əsgərin anasının sözlərinə görə, oğlunun yeni həyat yoldaşı sosial şəbəkələrdə başqa kişilərlə foto və videolarını paylaşmağa başlayanda oğlu boşanmaq üçün müraciət edib. Ancaq boşanma rəsmiləşməmiş Georgi döyüşdə həlak olub və təzminatı almaq hüququ Varyuxinaya keçib. Ancelinanın varis statusu sonda məhkəmə qərarı ilə ləğv edilib.

Rusiya təhlükəsizlik qüvvələri əməkdaşlarının “qara dul” sxeminin təşkilində iştirak etdiyini göstərən şok hallar da üzə çıxıb. İddialara görə, bəzi rəsmilər qadınlarla əlbir olaraq onlarla yenicə evlənmiş kişiləri təhlükəli hərbi əməliyyatlara göndərməklə mümkün kompensasiyanın bir hissəsini əldə etməyi planlaşdırıblar. 2025-ci ildə Rusiya mediası Primorsk diyarında belə bir sxemlə bağlı aparılan araşdırma barədə məlumat yayıb. Prosesdə gizir, çavuş və hərbi mühasibin adları hallanıb: “Şübhəlilərin kimsəsiz kişiləri orduya cəlb etməkdə, onlara nikah kəsdirməkdə, daha sonra isə qurbanları cəbhənin ən təhlükəli nöqtələrinə göndərməklə öldürülmə ehtimallarını artırmaqda ittiham edildiyi bildirilib. Amma sonradan ictimaiyyətə bu işlə bağlı hər hansı yeni məlumat verilməyib”.

CNN kanalının atası cəbhədə ölmüş Mariyadan başlayan materialı Mariya ilə də bitir, o deyir ki, atasının mənzili də ələ keçirilərək başqasına satılıb: “Atamdan yalnız köhnə açarlar nişanə qalıb, başqa heç nə”… 


Geri qayıt