Əsas Səhifə > Güney Press > Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı

Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı


Bu gün, 09:55

Bakı Apellyasiya Məhkəməsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 1959-cu il təvəllüdlü Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı qəsdən öldürüb.

İş materiallarında göstərilib ki, hadisədən əvvəl ailə daxilində tərəflər arasında münasibətlər uzun müddət gərgin olub. Təqsirləndirilən şəxs gəlini Dürdanə Əliyevanın azyaşlı övladlarının qayğısına kifayət qədər qalmadığını, tez-tez qohumlarının evinə getdiyini bildirərək ona dəfələrlə irad tutub. Bu səbəbdən ailə-məişət zəminində aralarında davamlı narazılıqlar və mübahisələr yaranıb.

2025-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində növbəti dəfə tərəflər arasında mübahisə baş verib. Belə ki, Dürdanə Əliyevanın yenidən evdən çıxaraq qohumlarının evinə getmək istəməsi Ağanəbi Əliyevin etirazına səbəb olub. Mübahisə zamanı gəlininin onunla kobud danışdığı və onu evdən qovduğu iddia olunur.

İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs bu davranışı özünə qarşı hörmətsizlik kimi qəbul edib və şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə gəlinini öldürmək qərarına gəlib. O, yaşadığı evdən mətbəx bıçağı götürərək eyni həyətdə yerləşən Dürdanənin yaşadığı evə daxil olub. Daha sonra qadına yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi endirib və boyun nahiyəsini kəsib.

Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin bədənində müxtəlif xarakterli xəsarətlər aşkarlanıb. Bunlara qarının sol hissəsi və sol ayağın arxa səthində sıyrıqlar, sağ əl nahiyəsində iki, döş qəfəsinin sağ və sol hissələrində, həmçinin qarın nahiyəsində çoxsaylı deşilmiş-kəsilmiş yaralar daxil olub. Ekspertiza ilə müəyyən edilib ki, qadının ölümünə boyun nahiyəsində yerləşən əsas damarların və əzələlərin tam kəsilməsi nəticəsində baş vermiş güclü qanaxma səbəb olub.

Məhkəmə iclasında ifadə verən Ağanəbi Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Ağanəbi Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.


Geri qayıt