Əsas Səhifə > Güney Press > Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULURBu gün, 18:52 |
|
Ermənistan Mərkəzi Bankı ölkənin kommersiya banklarına Rusiyaya qarşı beynəlxalq sanksiyaların mümkün şəkildə yan keçilməsinin qarşısını almaq üçün yeni tələblər müəyyənləşdirib. Modern.az xəbər verir ki, avqustun 12-dən qüvvəyə minən tələblərə əsasən, Ermənistan bankları Rusiyaya qarşı sanksiyaların dolanılması ilə əlaqəli ola biləcək əməliyyatları operativ şəkildə müəyyən etməlidirlər. Mərkəzi Bankın qərarı ilə təsdiqlənən “Banklarda daxili nəzarətin minimum şərtləri” adlı qaydalarda sanksiyalardan yayınma risklərinin idarə olunması üzrə xüsusi sistemin yaradılması nəzərdə tutulur. Banklar şübhəli hesab edilən əməliyyatları həyata keçirilməzdən əvvəl müəyyənləşdirməli, zərurət yarandıqda onları dayandırmalı və ya rədd etməlidirlər. Yoxlama yalnız bank müştərisi ilə məhdudlaşmayacaq. Əməliyyatın qarşı tərəfi, digər iştirakçıları, coğrafi istiqaməti, istifadə olunan valyuta, əməliyyatın həyata keçirildiyi yer, eləcə də mal və xidmətlərin mənşəyi də nəzərə alınacaq. Fiziki şəxslərlə bağlı yoxlamalarda onların vətəndaşlığı, yaşayış ünvanı və vergi rezidentliyi əsas meyarlardan olacaq. Şirkətlər üzrə isə hüquqi şəxsin yerləşdiyi və fəaliyyət göstərdiyi ölkə, əlaqəli şəxslər və benefisiar sahiblər barədə məlumatlar araşdırılacaq. Beləliklə, Ermənistan bankları Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların mümkün şəkildə yan keçilməsi ilə bağlı əməliyyatlara nəzarəti gücləndirəcək. Geri qayıt |