Əsas Səhifə > Güney Press > 258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə

258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə


Bu gün, 16:24

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsait ayrılıb. Bu qərar təkcə yeni investisiya paketi deyil, həm də Naxçıvanın davamlı inkişafına yönəlmiş dövlət siyasətinin növbəti mərhələsini ifadə edir. Ayrılan maliyyə vəsaiti 2023–2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının davamı olmaqla, regionun infrastruktur imkanlarının genişləndirilməsinə, iqtisadi potensialının artırılmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək.

Yeni investisiya paketi ilk növbədə alternativ və bərpa olunan enerji layihələrinin genişləndirilməsini nəzərdə tutur. Bu çərçivədə gücü 15,6 MVt olan Su Elektrik Stansiyasının tikintisi davam etdiriləcək. Layihə Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji müstəqilliyinin artırılmasına və Azərbaycanın "yaşıl enerji zonası" strategiyasının həyata keçirilməsinə mühüm töhfə verəcək. Muxtar respublikada günəş və su elektrik stansiyalarının tikintisinin sürətləndirilməsi də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Ayrılan vəsait həmçinin infrastrukturun, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinə, sərnişin daşımalarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsinə xidmət edəcək. Müasir nəqliyyat vasitələrinin istismara verilməsi əhalinin rahat və təhlükəsiz hərəkət imkanlarını artıracaq.

Sərəncam sosial infrastrukturun inkişafını da əhatə edir. Yaşayış fondunun yenilənməsi də prioritet istiqamətlər sırasındadır. Bir sözlə, ayrılan 258 milyon manatlıq vəsait Naxçıvanın iqtisadi potensialının gücləndirilməsinə, yeni məşğulluq imkanlarının yaradılmasına, sosial rifahın yüksəldilməsinə və regionun ölkənin ümumi inkişafında rolunun daha da artmasına xidmət edir. Bu qərar Prezident İlham Əliyevin regionların balanslı inkişafı strategiyasının və Naxçıvana göstərilən xüsusi diqqətin növbəti konkret təzahürü kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamı şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a bildirib ki, ayrılan vəsait hesabına konkret layihələrin maliyyələşdirilməsi həyata keçiriləcək, eyni zamanda işlərin vaxtında və keyfiyyətlə icrası üçün Sərəncamın yerinə yetirilməsinə ciddi nəzarət təmin olunacaq:

“Ayırlacaq 258 milyon manat Naxçıvanda infrastrukturun yenilənməsi də daxil olmaqla bir sıra vacib sosial və iqtisadi istiqamətlərə yönəldiləcək. Bu enerji təhlükəsizliyindən sosial mənzilə qədər maliyyələşmə deməkdir.

Konkret layihələrə gəldikdə isə, vəsaitlə Su Elektrik Stansiyasının tikintisi davam etdiriləcək, 156 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr uzunluğunda yollar əsaslı təmir ediləcək, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxana, 640 nəfərlik 5 yeni uşaq bağçası tikiləcək və 161 yaşayış binası və istilik qazanxanaları əsaslı təmir ediləcək”.

Deputat qeyd edib ki, sərəncamla ayrılacaq vəsait Naxçıvanın sosial-iqtisadi inkişafında xüsusi paya malik olacaq: “ Bu addım Azərbaycan Prezidentinin regionların tarazlı və dayanıqlı inkişafı siyasətini və Naxçıvana xüsusi diqqətini bir daha təsdiq edir.

İnstitutsional and kadr islahatların daha da genişləndiyi Naxçıvanda maliyyə dəstəyinin genişləndirilməsi bu bölgəmizin inkişafını daha da sürətləndirəcək. Yeni düzən fonunda Naxçıvan regionun ən vacib hablarından birinə çevrilməkdədir. Uzun müddət blokada qalan Naxçıvan artıq kommunikasiyaların regional mərkəzinə çevrilməkdədir. Bu, yalnız Naxçıvan üçün deyil, bütövlükdə regionda yeni səhifənin açılması deməkdir”.

SHERG.az


Geri qayıt