Əsas Səhifə > Güney Press > Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər?

Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər?


Bu gün, 16:00

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistandan Azərbaycana yaxın vaxtlarda məhsul ixracının başlayacağı ilə bağlı açıqlaması iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçə biləcəyi ehtimalını gündəmə gətirib. Paşinyan ixrac ediləcək məhsulların konkret olaraq hansı mallar olacağını açıqlamasa da, tərəflərin daha əvvəl mümkün ticarət məhsullarının siyahısını müzakirə etdiyi məlumdur.

Maraqlıdır ki, 2026-cı ilin ilk rübündə Azərbaycan Ermənistana 5,8 milyon dollar dəyərində məhsul ixrac edib, Ermənistandan Azərbaycana idxal isə cəmi 960 dollar səviyyəsində olub. Azərbaycanın Ermənistana ixracında əsasən neft məhsulları – dizel yanacağı və Aİ-92, Aİ-95 markalı benzin üstünlük təşkil edib.

Belə olan halda sual yaranır: Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi real görünür və Paşinyanın açıqlaması nə dərəcədə yaxın perspektivdə reallaşa bilər?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Ermənistanın ixrac potensialına baxanda əsasən kənd təsərrüfatı məhsulları, balıq məhsulları, meyvə-tərəvəz, dəmir filizi və bu kimi məhsullar önə çıxır. İxrac bu istiqamətlər üzrə həyata keçirilə bilər. Ola bilər ki, hətta enerji mübadiləsi də olsun. Yəni biz Ermənistana qaz sata bilərik, Ermənistandan isə elektrik enerjisi ala bilərik – işğaldan azad olunmuş bölgələrimizin təminatı üçün. Perspektivlər var, sadəcə bu, uzun prosesdir və qısa zamanda həyata keçirilməsi bir qədər çətindir. Çünki texniki problemlər də var. Bankların bir-birini tanıması, bank köçürmələrinin həyata keçirilməsi üçün mexanizmlərin formalaşdırılması, infrastrukturun qurulması və sair məsələlər həllini tapmalıdır".

İqtisadçı qeyd edib ki, münasibətlər gec-tez bərpa olacaq: "Mən şəxsən düşünürəm ki, əgər sertifikatlaşdırma düzgün həyata keçiriləcəksə və qiyməti münasib olacaqsa, niyə də almayaq? Biz artıq o komplekslərdən çıxmalıyıq. Qalib ölkəyik, qalib kimi də davranmağı öyrənməliyik”.


Geri qayıt