Əsas Səhifə > Güney Press > "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək?

"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək?


Bu gün, 15:56

"Yeni ulduz" mahnı müsabiqəsində SMS səsvermə ləğv edilə bilər.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev müsabiqənin şərtlərindən danışarkən məlumat verib.

Müğənni bildirib ki, bununla bağlı hazırda müəyyən müzakirələr aparılır:

"Müəyyən məsələlər var ki, onlar həllini tapmayıb, hazırda müzakirəsi gedir. SMS-lə müğənni seçmək bir az problemli məsələdir. Bu həll olunmalıdır. Birinin imkanı var, müxtəlif yollarla səs göndərir, digərinin imkanı yoxdur deyə səs ala bilmir və müsabiqəni vaxtsız tərk edir. Ötən il keçirilən müsabiqədə ağrılı-acılı məsələlər vardı və onların hər biri məni narahat edirdi. Yaxşı oxuyan, səsi olan uşaq ikinci verilişdən müsabiqəni tərk edirdi. Bu incə məsələlər həllini tapmalıdır".

Mübariz Tağıyev SMS-lə səsvermənin ləğv olunması təklifini əvvəlki müsabiqələr zamanı da irəli sürdüyünü xatırladıb:

"Uzun illər televiziya işçisi olmuşam, müəyyən şeylər var ki, başa düşürəm. Özəl kanallardır. Kanalın belə bir ağır işi öz üzərinə götürməsi məsələsi var. Ona görə düşünüb-danışırıq. Əgər müsabiqəyə bir arxa-dayaq tapa bilsək, “Yeni ulduz”da SMS-i ləğv edəcəyik. Müsabiqədə ədalətli olmağa çalışacağıq".

Mübariz Tağıyev müsabiqənin münsiflər heyətində də dəyişikliklərin gözlənildiyini vurğulayıb:

"Münsiflər heyətinin üzvlərindən dünyasını dəyişənlər var. Allah rəhmət eləsin, Ruhəngiz Qasımova, Oqtay Əliyev. Nə qədər çətin də olsa, onların yerinə təyinat olmalıdır, qalanların da canı sağ olsun. Hələ bilmirəm, bəlkə məni də təyin etmədilər. Bu barədə danışmaq tezdir. Məsələ burasındadır ki, “Yeni ulduz” tamaşaçıların qəlbində yer tutub. Yenidən qayıdıb yeni formatda tamaşaçı məhəbbəti qazanmaq çətin məsələdir. Amma işlər düşündüyümüz kimi getsə, bu çətin mərhələni aşacağıq".

Mübariz Tağıyev əvvəlki “Yeni ulduz” müsabiqəsində çox istedadlı iştirakçıların olduğunu da bildirib:

“Müsabiqəni erkən tərk etdilər. Onların izini də tapa bilmədik. Halbuki bizim məqsədimiz istedadlıları üzə çıxarmaqdır. Müsabiqə ilə bağlı məni narahat edən bir məqam da var. İştirakçıları efirlərə dəvət edəndə onlar aparıcılara “mənim “Yeni ulduz”dan çıxdığımı deməyin” deyə xüsusi tapşırıq verirlər. Bəs, siz haradan tanınmısınız? “Yeni ulduz”a kimi siz harada idiniz? Sizi cəmiyyətə bu müsabiqə təqdim edib. Bu, çox səviyyəsiz bir fikirdir”.

Qeyd edək ki, illər əvvəl yayımlanan məşhur “Yeni ulduz” layihəsi yenidən başlayacaq. Bu barədə Axşam.az məlumat yayıb. Məlumata görə, “SOY” prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq.


Geri qayıt