Əsas Səhifə > Güney Press > İran səfirinin addımı müzakirə doğurdu

İran səfirinin addımı müzakirə doğurdu


Bu gün, 15:49

Ermənistanın Sisian şəhərində keçirilən "Navasard" festivalında İranın Ermənistandakı səfirinin "Artsax" adı altında təqdim olunan pavilyona baş çəkməsini əks etdirən videogörüntülər müzakirələrə səbəb olub. Hadisə Azərbaycan-İran münasibətləri, eləcə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinə dair rəsmi mövqelərin praktik davranışlarda necə əks olunduğu barədə suallar doğurur.

Bəs, bu hadisə diplomatik protokol çərçivəsində qiymətləndirilməlidir, yoxsa İranın Cənubi Qafqaz siyasəti ilə bağlı müəyyən mesaj kimi də dəyərləndirilə bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Tofiq Abbasov açıqlama verib.

Politoloq bildirib ki, faktiki olaraq Qarabağ məsələsi artıq həllini tapıb. Qarabağ öz doğma sahibinə qayıdıb və İran da bunu rəsmi şəkildə tanıyıb:

"Təsadüfi deyil ki, hətta işğal dövründə Qız Qalası və Xudafərin su bəndləri ilə bağlı layihələr həyata keçirilərkən İran tərəfi birmənalı şəkildə bildirirdi ki, həmin ərazilər Azərbaycanın işğal altında olan torpaqlarıdır və bütün müqavilələr də Azərbaycan dövləti, Azərbaycan hökuməti ilə bağlanır.

Sirr deyil ki, İranda Azərbaycana müsbət münasibət bəsləməyən, ölkəmizə qərəzli yanaşan müəyyən qruplar və dairələr var. Ancaq onların nə nüfuzu, nə də siyasi çəkisi elə səviyyədədir ki, bununla bağlı ciddi narahatlıq keçirək və ya onlara xüsusi əhəmiyyət verək. Xalq arasında belə bir ifadə var: "Arxadan atılan daş topuğa dəyər." Məncə, bu hadisə də məhz həmin qəbildəndir.

Diplomatiyanın səlahiyyətinə aid olan məsələlər isə hər zaman ciddi məsələlərdir. Onlara yüngül yanaşmaq, üçüncü dərəcəli məsələ kimi qiymətləndirmək olmaz. Belə məsələlər hər zaman diqqətli və məsuliyyətli yanaşma tələb edir. Əgər həm rəsmi Bakı, həm də rəsmi Tehran bu məsələyə adekvat münasibət bildirirsə, məhz həmin mövqelər üzərində dayanmağa və onları qiymətləndirməyə ehtiyac var.

Yox, əgər söhbət "Artsax" kimi artıq hüquqi və siyasi əsası olmayan anlayışlardan gedirsə, mən hesab edirəm ki, bunlar tarixin zibilliyinə atılmış anlayışlardır. Bu mövzunu yenidən gündəmə gətirməyə çalışanlar keçmişə qayıtmaq istəyən dairələrdir və onların bu istiqamətdə hər hansı uğur qazanması mümkün deyil. Dediyim kimi, onların nə nüfuzu var, nə də belə cəhdlərlə hansısa nəticə əldə edə bilərlər".

Tofiq Abbasov vurğulayıb ki, vaxtilə Azərbaycan dövləti işğal dövründə bütün dünyaya, o cümlədən müxtəlif ölkələrin nümayəndələrinə açıq şəkildə xəbərdarlıq etmişdi ki, Azərbaycanın razılığı olmadan Qarabağa səfər edən şəxslər ölkəmiz üçün arzuolunmaz şəxs elan ediləcəklər və Azərbaycana buraxılmayacaqlar:

"Bu qayda praktikada da tətbiq olunurdu. Xatırlayırsınızsa, bəzi xarici ölkə nümayəndələrini İrəvandan guya ekskursiya adı altında Qarabağa aparır, əraziyə daxil olarkən isə pasportlarına möhür vururdular və bununla qondarma rejimi müstəqil dövlət kimi təqdim etməyə çalışırdılar. Amma sonradan hər kəs gördü ki, əgər bu doğrudan da müstəqil dövlətdirsə, niyə Ermənistan özü onu tanımırdı?

Digər tərəfdən, həmin qondarma rejimin verdiyi pasportlar dünyanın heç bir ölkəsində tanınmırdı. Hüquqi baxımdan onların heç bir əsası yox idi. Məhz buna görə də Azərbaycan əvvəlcədən öz mövqeyini açıq şəkildə ortaya qoymuşdu və bildirmişdi ki, Azərbaycan hökumətinin razılığı olmadan Qarabağa səfər edən şəxslərə heç bir güzəşt edilməyəcək. Belə şəxslər Azərbaycanda arzuolunmaz şəxs kimi qəbul olunacaqlar.

Elə də oldu. Sonradan Polşadan, Baltikyanı ölkələrdən və digər dövlətlərdən olan bəzi nümayəndələr etdikləri səhvi etiraf edərək rəsmi şəkildə Azərbaycandan üzr istədilər. Bundan sonra Azərbaycan dövləti onları qara siyahıdan çıxardı. İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi

Ona görə də Azərbaycanın bu məsələlərə münasibəti hər zaman prinsipial olub və bu gün də dəyişməyib. Bu proseslərdə geri dönüş mümkün deyil. Bir daha qeyd edirəm ki, bu cür cəhdlər sadəcə keçmişə qayıtmaq istəyinin təzahürüdür. Onların beynəlxalq aləmdə tanınmaq, nüfuz qazanmaq və ya hər hansı nəticə əldə etmək şansı yoxdur".


Geri qayıt