Əsas Səhifə > Güney Press > İran səfirinin sərgi macəraları:

İran səfirinin sərgi macəraları:


Bu gün, 15:13

İran rəsmiləri zaman-zaman Azərbaycanla dostluq və mehriban qonşuluq münasibətlərindən danışsa da, son günlər yayılan görüntülər bu bəyanatlarla ziddiyyət təşkil edir.

Belə ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Ermənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında iştirak edib və “Artsax” adı ilə təqdim olunan Qarabağ pavilyonuna baş çəkib.

Diplomatın sözügedən pavilyonda Azərbayacan mətbəxinin göy qutabı, ermənilərin “jenqyalov xats” kimi təqdim etdikləri qəlyanaltının dadına baxması və bu zaman “Qarabağ” ifadəsini işlətməsi də diqqət çəkib.

İranın Azərbaycana münasibətdə dostluq mesajları verdiyi bir vaxtda Tehran diplomatının separatçı rejimin adı ilə təqdim olunan pavilyonda iştirakı nə deməkdir? Bu addım İran Prezidenti Məsud Pezeşkianın mövqeyi ilə nə dərəcədə uzlaşır?

Mövzu ilə bağlı açıqlamasında siyasi şərhçi Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, İran tərəfindən Azərbaycana münasibətdə ziddiyyətli mövqe sərgilənməsi gözlənilməz deyil:

“Doğrudur, İranın iki il əvvəl seçilmiş Prezidenti Məsud Pezeşkian Azərbaycan-İran münasibətlərinin normallaşması üçün müəyyən səylər göstərir.

Onun son açıqlamasında Azərbaycanın müharibə dönəmində İrana verdiyi dəstəyin etiraf olunması da önəmli hadisə sayıla bilər. Bu göstərir ki, İran rəhbərliyində Azərbaycanla münasibətlərin normallaşmasını istəyən qüvvələr də var.

Doğrudur, İranda SEPAH-ın və ona yaxın qüvvələrin Azərbaycana qarşı mövqeyinin düşmən xarakter daşıdığını bilir və buna zaman-zaman şahidlik edirik”.

Oqtay Qasımov vurğulayıb ki, İran səfirinin addımı Azərbaycan-İran münasibətləri baxımından xoşagəlməzdir:

“O ki qaldı İranın Ermənistandakı səfirinin son sərgidə iştirakına, bu da bizim üçün, əslində gözlənilməz hadisə sayılmır. Çünki bu şəxs Ermənistanda fəaliyyətə başladığı ilk dövrlərdən etibarən bir neçə dəfə açıqlamalarında Azərbaycanla bağlı mənfi münasibət nümayiş etdirib.

Bu da bizim xatirimizdədir. Sərgidə iştirakına gəlincə, əlbəttə ki, İran tərəfi müxtəlif bəhanələrlə məsuliyyəti üzərindən atmağa çalışa bilər. Bildirə bilərlər ki, bu, yalnız Qarabağ erməniləri ilə bağlı tədbir olmayıb, ümumi xarakterli bir tədbir olub və oradakı pavilyonlardan birində Qarabağla bağlı eksponatlar yer alıb.

Amma ümumən diplomatik fəaliyyətdə olan şəxs bu tip məsələlərdə daha diqqətli olmalıdır. Yəni münasibətlərə xələl gətirə biləcək bu cür lazımsız davranışlara yol verməməlidir. Sual ortaya çıxır ki, bu, texniki bir xəta, yoxsa bilərəkdən atılan addım idi?

Bu baxımdan, əlbəttə ki, həmin addım Azərbaycan tərəfindən xoş qarşılanmır. Bu hadisə də bizim yaddaşımızda İranın növbəti yanlış addımı kimi qalacaq”.


Geri qayıt