Əsas Səhifə > Güney Press > “Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır

“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır


Bu gün, 12:27

Avrokuboklarda yoluna davam etmək istəyən “Qarabağ” bu axşam taleyüklü sınağa çıxır. Ağdam təmsilçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu qəbul edəcək. İlk qarşılaşmada Polşada 0:1 hesabı ilə məğlub olan əfsanəvi baş məqşçimiz Qurban Qurbanovun komandası Bakıdakı cavab görüşündə həm bu fərqi aradan qaldırmalı, həm də növbəti mərhələyə adlamaq üçün öz sözünü deməlidir.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşma “Qarabağ” üçün adi oyun deyil. Bu, mövsümün Avropadakı taleyini müəyyənləşdirəcək, uzun illərdən sonra Ağdam klubunun avrokuboklarda qruplara, daha dəqiq desək, liqa mərhələsinə yüksəlmədən mübarizəni dayandırıb-dayandırmayacağını göstərəcək kritik 90 dəqiqədir.

Bir həftə əvvəl “Dinamo” minimal hesablı qələbə ilə üstünlük qazansa da, qarşılaşmanın taleyi hələ həll olunmayıb. “Qarabağ” doğma meydan amilindən, azarkeş dəstəyindən və illərdir formalaşdırdığı avrokubok təcrübəsindən maksimum yararlanaraq bu səddi aşmağa çalışacaq.

“Qarabağ” Kiyev “Dinamo”sunun 1:0 hesablı üstünlüyünü silib növbəti mərhələyə adlaya biləcəkmi? Ağdam klubu Avropada yeni bir səhifə açacaq, yoxsa uzun illərdən sonra avrokuboklarla erkən vidalaşacaq? Qurban Qurbanov və yetirmələri daha bir möhtəşəm geri dönüşə imza ata biləcəkmi? Bu gecə “Qarabağ” üçün davamdır, yoxsa tamam?

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a bildirdi ki, ilk qarşılaşmanın nəticəsi “Qarabağ”ın rəqibdən zəif olduğunu göstərmir:

“Kiyev təmsilçisi məğlub ediləsi komandadır və “Qarabağ” bu gün bunu meydanda sübut etməlidir. İlk qarşılaşmadakı oyundan sonra birmənalı fikir söyləmək çətindir. Amma bir şeyi dəqiq bilirik ki, bu rəqibi yenmək olar. Heç bir parametrdə bizdən üstün deyillər. Artıq şablon səslənir, amma həqiqətən də rəqib öz adının kölgəsində qalıb. Normalda bu komanda ya birbaşa qruplardan, ya da bizim qarşılaşmaq şansımızın az olduğu mərhələlərdən başlamalı idi. İndi isə bizimlə eyni ‘qabdadırlar’. Əslində, bu, onlardan daha çox bizim üçün enişdir. ‘Qarabağ’ buralarda olmamalıdır. Cəmi 6 ay əvvəl Çempionlar Liqasının pley-offunda oynayan “Qarabağ”dan danışırdıq. “Dinamo”nun isə sonuncu dəfə bunu nə vaxt etdiyini yəqin ki, yalnız sadiq azarkeşləri xatırlayar. Ona görə də favorit bizik və məğlubiyyət də məhz bizim üçün daha ağrılı olacaq”.

Mütəxəssis ilk oyunda “Qarabağ”ın məğlubiyyətinin əsas səbəblərinə də toxunub:

“Ağdam təmsilçisi həmin qarşılaşmada komanda olaraq öz potensialını ortaya qoya bilmədi. Səfərdəki matçda edilə biləcək bütün səhvlər edildi. Qapıçımız etibarlı oynamadı, müdafiədə kobud səhvlər buraxdıq, orta xətt, xüsusilə ön tərəfdə səmərəsiz olduq, hücumda isə imkanları boşa verməklə məşğul idik. Bir-iki futbolçunu çıxmaq şərtilə, demək olar ki, hər kəs pis oynadı. Komanda şəklində məğlub olduq. Amma bunlar futbolda olan şeylərdir. Hər kollektivin başına gələ bilər”.

Kənan Məstəliyev cavab oyununda vəziyyətin fərqli olacağına inandığını bildirib:

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransında verdiyi mesajlar da komandaya inamın yüksək olduğunu göstərir: “Amma bu gün fərqli olacaq. Qurban Qurbanov da mətbuat konfransında inamlı danışdı, həm bizə, həm də futbolçularına qələbə mesajı verdi. “Qarabağ” yenidənqurma, yenilənmə mərhələsini keçir, daşlar hələ tam yerinə oturmayıb. Amma hazırkı durumunda belə “Dinamo”dan güclüdür. Qalır bunu meydanda sübut etmək”.

Mütəxəssis ilk oyundan sonra Kiyev klubunun düşərgəsində yaranan arxayınçılığa da diqqət çəkib:

“Dinamo”nun tarixi adına hörmətlə yanaşsaq da, bugünkü reallıq başqadır. Bir məqam da var. İlk matçdakı qələbədən sonra qarşı tərəfdə yaman həvəslənmə yaranıb. Mütəxəssisləri, keçmiş futbolçuları, azarkeşləri iddialı, hətta göylə gedən açıqlamalarını artırıblar. Bəli, bu, Kiyev “Dinamo”sudur, tarixi, əfsanəvi klubdur. Amma dəvədən böyük fil var. Və bu gün həmin fil bizik. Yerlərini bilsinlər. Biz də onlara bu yerlərini göstərək”.


Geri qayıt