|

Şirvan Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Babək Şahmarov və qardaşı Cavidan Şahmarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 3 iyun 2025-ci il tarixində Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən “Sevinc” şadlıq sarayında keçirilən toy məclisindən sonra baş verib.
Belə ki, Babək və Cavidan Şahmarov qardaşları qohumlarının təşkil etdiyi toy məclisinə dəvət ediliblər. Qardaşlar toyda iştirak edən həmkəndlilərinin olduğu stolun ətrafında əyləşərək birlikdə yemək yeyib və spirtli içki qəbul ediblər. Bir müddət sonra Cavidan Şahmarov şadlıq sarayının həyətinə düşərək yaxınlıqda yerləşən restorana gedib. Babək Şahmarov isə başqa bir stola keçərək orada pivə içib. Bu zaman həmkəndlisi, zərərçəkmiş Qəmbər Yusubov Babəkin sonradan əyləşdiyi stolun yanına gəlib və onunla birlikdə oturub.
İş materiallarına görə, Qəmbər Yusubov stolun üzərində olan stəkandakı pivəni yerə töküb və Babəkdən ona pivə süzməsini istəyib. Bu hərəkət Babəkin xoşuna gəlməyib və o, Qəmbər Yusubova irad bildirib.
Bundan sonra Qəmbər Yusubov stolun üzərindəki bir neçə stəkanda qalan yarımçıq içilmiş pivəni bir stəkana tökərək Babəkə içməyi təklif edib. Babək bu hərəkəti özünə qarşı təhqir kimi qəbul edib və Qəmbər Yusubovla sözlü mübahisəyə başlayıb. Mübahisə zamanı Babək Qəmbərə söhbət etmək üçün şadlıq sarayının həyətinə çıxmasını deyib. O, özü həyətə düşərək həyətyanı sahədən kənara çıxıb. Lakin Qəmbər Yusubovun onun ardınca gəlmədiyini görən Babək yenidən şadlıq sarayının qarşısına qayıdıb. Burada Qəmbər Yusubova şadlıq sarayının həyətindən kənara – binanın sağ tərəfində yerləşən, insanların olmadığı yerə getməyi təklif edib. Olar həmin əraziyə getdikdən sonra mübahisəni davam etdiriblər.
Saat 21 radələrində tərəflər arasında yenidən mübahisə yaranıb. Qəmbər Yusubovun Babək Şahmarovu nalayiq ifadələrlə söyüb təhqir etməsi sonuncunun daha da əsəbiləşməsinə səbəb olub. Babək Qəmbəri cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə onun başının ön hissəsinə qəsdən bir dəfə kəllə zərbəsi endirib. Zərbənin təsirindən Qəmbər yerə yıxılıb. Daha sonra Babək yerə yıxılmış həmkəndlisinin başının ön hissəsinə və sifət nahiyəsinə yumruq və təpiklə zərbələr endirməyə davam edib.
Hadisə zamanı Cavidan Şahmarov toy məclisinin keçirildiyi əraziyə qayıdıb. O, qohumundan qardaşı Babək Şahmarovun Qəmbər Yusubovla dava etdiyini öyrənib və hadisə yerinə gedib. Bundan sonra iki qardaş Qəmbər Yusubova qarşı birləşiblər.
Belə ki, Cavidan Şahmarov həmin vaxt artıq ayaq üstə olan Qəmbər Yusubovun sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vurub. Zərbə nəticəsində Qəmbər yenidən yerə yıxılıb. Ardınca Babək və Cavidan Şahmarov eyni vaxtda onun başının ön hissəsinə və sifət nahiyəsinə çoxsaylı təpik zərbələri endiriblər. Döyülmə nəticəsində Qəmbər Yusubov çoxsaylı xəsarətlər alıb.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, onun bədənində həyat üçün təhlükəli hesab olunan və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən ağır qapalı kəllə-beyin travması müəyyən edilib.
Bundan başqa, baş beynin sərt qişası altına və baş beyin toxumasına qansızma, alın sümüyünün zədələnməsi və alın nahiyəsində sıyrıq xəsarətləri aşkarlanıb.
Ekspertiza nəticəsində Qəmbər Yusubovda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən digər xəsarətlər də müəyyən olunub.
Məhkəmənin müəyyən etdiyi hallara əsasən, Babək və Cavidan Şahmarovların qrup halında Qəmbər Yusubova yetirdikləri zərbələr nəticəsində onun baş beyin toxumasına və baş beynin sərt qişası altına qansızma baş verib. Qəmbər Yusubov aldığı xəsarətlərlə əlaqədar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Lakin müalicə zamanı onun vəziyyəti ağırlaşıb və aldığı xəsarətlərin nəticəsi olaraq ehtiyatsızlıqdan həyatını itirib.
Beləliklə, toy məclisində pivə ilə bağlı başlayan mübahisə əvvəlcə sözlü qarşıdurmaya, daha sonra isə fiziki zorakılığa çevrilib və nəticədə bir nəfərin ölümü ilə nəticələnib.
Cinayət işinin materiallarında qeyd olunan hallara əsasən, iki qardaşın birgə hərəkətləri nəticəsində Qəmbər Yusubova həyat üçün təhlükəli ağır xəsarətlər yetirilib və həmin xəsarətlər sonradan onun ölümünə səbəb olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Şahmarov 10 il və Cavidan Şahmarov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt
|