|
Gürcüstanın Baş naziri İrakli Kobaxidze işğal olunan Abxaziyaya yanacağın Gürcüstanın nəzarətində olan ərazidən daxil olduğunu təsdiqləyib. Yeniavaz.comBMG agentliyinə istinadən xəbər verir ki, Kobaxidze bu barədə hökumət administrasiyasında keçirilən brifinqdə Abxaziyada yaranan yanacaq çatışmazlığı ilə bağlı sualı cavablandırarkən bildirib. Baş nazir deyib ki, yanacaq dövlət tərəfindən deyil, özəl şirkətlər tərəfindən idxal olunub. Onun sözlərinə görə, bu cür iqtisadi fəaliyyətlər mövcud qanunvericiliyə, o cümlədən “İşğal edilmiş ərazilər haqqında” Qanuna əsasən müəyyən şərtlər çərçivəsində mümkündür. Kobaxidze əlavə edib ki, Gürcüstan hökumətinin işğal olunmuş ərazidə yaşayan əhalinin vəziyyətini yüngülləşdirmək imkanı varsa, bunu müvafiq qanunvericiliyə uyğun şəkildə həyata keçirəcək. Gürcüstan qanunvericiliyinə əsasən, işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyət ümumilikdə məhdudlaşdırılır və yalnız müstəsna hallarda, xüsusi razılıq əsasında həyata keçirilə bilər. Belə fəaliyyət Gürcüstanın dövlət maraqlarına, münaqişənin sülh yolu ilə həllinə, ərazilərin işğaldan azad edilməsinə, münaqişədən təsirlənmiş əhali arasında etimadın bərpasına və ya humanitar məqsədlərə xidmət etməlidir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Abxaziyada benzin və dizel yanacağı çatışmazlığı Rusiyadan yanacaq tədarükündə yaranan fasilələrlə bağlıdır. Məlumata görə, buna Ukraynanın neft emalı zavodlarına və digər enerji infrastrukturuna həyata keçirilən hücumlar nəticəsində təchizat zəncirində yaranan problemlər səbəb olub.
Geri qayıt
|