Əsas Səhifə > Güney Press > FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi

FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi


Bu gün, 09:58

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Xanoğlan Əkbərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Xanoğlan Əkbərov tanışları ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dələduzluq etmək barədə razılığa gəlib.


Belə ki, təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda bir neçə şəxsi aldadıb.


İlk epizod üzrə Xanoğlan Əkbərov zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılmış Şirvan şəhərində “Köhnə şəhər” adlanan ərazidə yerləşən Fövqəladə Hallar Nazirliyinə məxsus torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən tikililəri onun adına sənədləşdirə biləcəyini vəd edib. Bu vəd müqabilində zərərçəkmiş şəxsdən 53 000 manat pul tələb olunub.


Məhkəmənin müəyyən etdiyi hallara əsasən, təqsirləndirilən şəxs D.D.-in etibarından sui-istifadə etməklə onu aldadıb və pulun əldə edilməsində qrupun digər üzvündən istifadə edib.


Belə ki, 2022-ci ilin yanvar ayının ortalarında zərərçəkmiş şəxs Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27A, mənzil 6 ünvanında yerləşən yaşayış evinin qarşısında 38 000 manat pul verib. Bundan bir müddət sonra – həmin ilin yanvar ayının sonunda isə D.D. Şirvan şəhəri, İ.Qayıbov küçəsi, ev 21 ünvanında yerləşən evinin qarşısında daha 15 000 manat pul ödəyib.


Beləliklə, iki dəfəyə zərərçəkmiş şəxsdən ümumilikdə 53 000 manat pul alınıb.


Lakin Xanoğlan Əkbərov verdiyi vədə əməl etməyib və torpaq sahəsi ilə tikililəri D.D.-in adına sənədləşdirməyib. Nəticədə zərərçəkmiş şəxsə 53 000 manat məbləğində külli miqdarda maddi ziyan vurulub.


Bundan başqa, təqsirləndirilən şəxs sonradan yenidən tamah niyyəti ilə dələduzluq etmək qərarına gəlib. Bu dəfə o, digər bir tanışına eyni torpaq sahəsi və həmin ərazidə yerləşən tikililəri sənədləşdirə biləcəyini vəd edib. Xanoğlan Əkbərov bunun üçün D.D.-dən 1000 manat tələb edib. Zərərçəkmiş şəxsin etibarından sui-istifadə edən Xanoğlan Əkbərov 2024-cü ildə onun mobil telefonunda quraşdırılmış “Birbank” tətbiqi vasitəsilə pulun özünə məxsus bank kartına göndərilməsinə nail olub. Daha sonra həmin pul vəsaitini zərərçəkmiş şəxsin yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, ev 21 ünvanında ələ keçirib. Lakin bu dəfə də verdiyi vədə əməl etməyib və torpaq sahəsi ilə tikililəri zərərçəkmiş şəxsin adına sənədləşdirməyib. Nəticədə D.D.-yə 1000 manat maddi ziyan vurulub.


Cinayət işinin daha bir epizodu isə Almaniya Federativ Respublikasından Azərbaycana külli miqdarda pul gətirilməsi vədi ilə bağlı olub.


Belə ki, təqsirləndirilən şəxs başqa bir tanışına Almaniyada külli miqdarda pul vəsaitinin olduğunu və həmin pulları Azərbaycana gətirməyin mümkün olduğunu bildirib. O, Azərbaycana gətirəcəyi puldan zərərçəkmiş D.D. də pay verəcəyini vəd edib. Bu vədin müqabilində zərərçəkmiş şəxsdən 8 000 manat pul tələb olunub.


2024-cü ildə zərərçəkmiş şəxsin mobil telefonunda quraşdırılmış “Birbank” tətbiqi vasitəsilə 8 000 manat onun özünə məxsus bank kartına göndərilib. Təqsirləndirilən şəxs daha sonra həmin pul vəsaitini zərərçəkmiş şəxsin yaşadığı ünvanda ələ keçirib. Lakin Almaniyadan Azərbaycana pul gətirilməsi vədi də yerinə yetirilməyib. Nəticədə D.D.-yə 8 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.


Beləliklə, cinayət işi üzrə müəyyən edilən üç epizod nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 62 000 manat ziyan dəyib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


Geri qayıt